“Qəbələ”nin konqolu müdafiəçisi: “Buradakı rəqiblər çox keyfiyyətlidir” - MÜSAHİBƏ

11 Sentyabr 2026 13:45
73
“Qəbələ”nin konqolu müdafiəçisi: “Buradakı rəqiblər çox keyfiyyətlidir” - MÜSAHİBƏ

“Türkiyə Premyer Liqası ilə yanaşı, bu, yəqin ki, oynadığım ən güclü liqadır”.

Bunu “Qəbələ”nin müdafiəçisi Natan Monzanqo sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqası sizin üçün nə dərəcədə maraqlıdır?

- Əvvəllər də Azərbaycan Premyer Liqasına qoşulmaq üçün bir neçə şansım var idi. Amma heç vaxt alınmadı. Bu gün burada oynadığım üçün çox xoşbəxtəm və bu klubla böyük uğurlar qazanmağı səbirsizliklə gözləyirəm.

- Azərbaycan Premyer Liqası əvvəllər oynadığınız liqalardan daha güclüdürmü? “Amiens”, “Rizespor”, “Pau” kimi klublarda oynamısınız. Azərbaycana gəlməyi karyeranızda eniş, yoxsa yüksəliş hesab edirsiniz?

- Türkiyə Premyer Liqası ilə yanaşı, bu, yəqin ki, oynadığım ən güclü liqadır. Buradakı rəqiblər çox keyfiyyətlidir. “Turan Tovuz”dan başqa hələ ən böyük klublarla qarşılaşmaq şansım olmayıb və onlara qarşı oynamağı səbirsizliklə gözləyirəm.

- Azərbaycan Premyer Liqasında oynayanlar arasında tanıdığınız oyunçu var?

- Bəli, burada bəzi dostlarım var. Artıq onlardan birinə, “Turan Tovuz”un yarımmüdafiəçisi Stiv Beusnardla oynamaq şansım olub və digər dostlarımla - “Araz Naxçıvan”da Şarlz Boli və “Neftçi”də Sessi Dalmeyda ilə qarşılaşmağı səbirsizliklə gözləyirəm.

- İndiyə qədər Konqo Demokratik Respublikasından Azərbaycanda 5 futbolçu oynayıb, siz 6-cl konqolusunuz. Onlardan yalnız 2-si Konqo Demokratik Respublikası milli komandasında oynayıb - Nqoy Bomboko və Lema Mabidi. Amma onlar Azərbaycanda oynayarkən bunu etməyiblər. Bəs siz, Azərbaycanda oynayaraq Konqo milli komandasına dəvət ala bilərsiniz?

- Əlbəttə ki, buna qadir olduğuma inanıram. Bu, mütləq mənim məqsədlərimdən biridir: bir gün milli komandaya çağırılmaq. Amma bunun üçün yaxşı çıxış etməli və komandama mümkün qədər kömək etməliyəm ki, milli komandanın məşqçisi məni çağırmaq qərarına gəlsin.

İdman.Biz