“Əsas məqsədim sadəcə iki oyunu izləmək idi. Futbol üçün gəlmişdim”.
Bunu Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç sport24.az-a müsahibəsində deyib.
2007-2013-cü illərdə Azərbaycan millisində çıxış edən Subaşiç yığmada 40 oyun keçirib, 7 qol vurub. Klub karyerasında isə 2005-2008-ci illərdə “Neftçi”nin formasını geyinib və 2006-cı ildə komanda ilə Birlik Kubokunun qalibi olub. İndi isə keçmiş futbolçu Azərbaycana səfərinin təəssüratlarından, “Neftçi” və “Sabah”la bağlı fikirlərindən danışıb.
Həmin müsahibəni təqdim edirik.
– Bu yaxınlarda ölkəmizə səfər etmişdiniz?
– Bəli, Bakıya gəlmişdim. Artıq səfərim başa çatıb və geri qayıtmışam. Azərbaycana yenidən gəlmək mənim üçün xoş oldu.
– Şəhərimizi bəyəndiniz?
– Əlbəttə, çox bəyəndim. Bakı üçün darıxmışdım. Uzun müddət burada yaşamışam və bu şəhərlə bağlı çoxlu xoş xatirələrim var. Ona görə də yenidən Bakıda olmaq mənim üçün xüsusi hisslər yaratdı.
– Bakı necə dəyişib?
– Paytaxtınız möhtəşəmdir. Bakının daha da inkişaf etdiyini və dəyişdiyini görmək mümkündür. Çox yaxşı təəssüratlarla ayrıldım. Həm şəhərin gözəlliyi, həm də ümumi ab-havası məndə xoş hisslər yaratdı.
– “Neftçi”nin oyununu izlədiniz?
– Bəli, “Neftçi”nin oyununu izlədim. “Şəfa” ilə keçirilən matçda stadionda idim və qarşılaşmanı canlı izlədim. Komandanın oyununu yaxından görmək mənim üçün maraqlı idi.
– Klub rəhbərliyi ilə görüşə bildiz?
– Bəli, müəyyən şəxslərlə görüşümüz oldu. “Neftçi”də də oldum, “Sabah”a da baş çəkdim. Hər iki klubun bazasında oldum və şəraitlə yaxından tanış olmaq imkanım yarandı.
– Necə düşünürsüz, “Neftçi” bu mövsüm çempion ola bilər?
– Məncə, yaxşı komanda qurublar. Heyətə baxanda bunu görmək mümkündür. Bəlkə daha iki transfer həyata keçirib komandalarını bir qədər də gücləndirsələr, daha yaxşı olar. Hazırda normal və yaxşı heyətləri var. Mövsüm ərzində hər şey mümkündür.
– Bakıya səfərinizin əsas məqsədi nə idi?
– Əsas məqsədim sadəcə iki oyunu izləmək idi. Futbol üçün gəlmişdim. “Sabah”ın oyununu da izlədim və bu komanda məndə çox yaxşı təəssürat yaratdı. Onların oyununu bəyəndim.
– “Neftçi” azarkeşlərinə demək istədiyiniz söz varmı?
– Ümid edirəm ki, “Neftçi” bu il yaxşı nəticə əldə edəcək. Komandanın böyük şansları və yaxşı heyəti var. Amma nə olursa-olsun, azarkeşlər hər zaman komandalarına dəstək verməli və ona inanmalıdırlar. Futbolda həm yaxşı, həm də çətin günlər olur. Belə məqamlarda azarkeş dəstəyi xüsusilə vacibdir.
“Neftçi” Azərbaycanın ən tanınmış və ən adlı-sanlı komandalarından biridir. Bu klubun böyük adı və zəngin tarixi var. Ona görə də “Neftçi”nin azarkeşləri həmişə komandalarının yanında olmalıdırlar.
