Azər Bağırov komandasının “Kəpəz” üzərində qazandığı qələbəni şərh etdi

4 Sentyabr 2026 23:26
101
Azər Bağırov komandasının “Kəpəz” üzərində qazandığı qələbəni şərh etdi

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının dördüncü turunda “Kəpəz”ə qarşı keçirilən və 4:1 hesabı ilə qələbə qazandıqları matç barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis Gəncədəki matçın atmosferini və futbolçularının əhval-ruhiyyəsini qeyd etməklə yanaşı qələbəni şərh edib.

“Möhtəşəm stadion, möhtəşəm azarkeşlər. Hər şey çox yaxşı idi. Oyuna gəldikdə, biz güman edirdik ki, rəqibin əvvəlki matçdakı qələbəsi ona əlavə motivasiya verəcək. Futbolçularım qarşıya qoyulan tapşırıqları yerinə yetirə bildilər. “Kəpəz”ə növbəti matçlarda uğurlar arzulayıram. Düşünürəm ki, bizə analizdən daha çox oyunçuların bu görüşə yaxşı motivasiya olunması kömək etdi”, – deyə Bağırov bildirib.

Baş məşqçi həmçinin, “Şamaxı”nın cari mövsümdə qarşısına qoyulan məqsədlərdən də danışıb.

“Demək olar ki, komandanı yenidən yığmışıq. Premyer Liqada mövqeyimizi möhkəmləndirmək və Azərbaycan futboluna yeni simalar bəxş etmək istəyirik”, – deyə o qeyd edib.

Bağırov əlavə edib ki, komandası imkanlarından vaxtında istifadə etməyi bacarıb:

“Futbol elə bir oyundur ki, bu gün alına bilər, sabah yox. Biz qollarımızı vaxtında vurmağı bacardıq və qələbə qazandıq”.

İdman.Biz