“Araz-Naxçıvan”ın ev oyunları niyə Şamaxıda keçirilməyib? - SƏBƏB

1 Sentyabr 2026 18:00
76
“Araz-Naxçıvan”ın ev oyunları niyə Şamaxıda keçirilməyib? - SƏBƏB

“Araz-Naxçıvan” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirmək üçün mövsümün əvvəlində müraciət etsə də, arena və hava şəraiti ilə bağlı məhdudiyyət səbəbindən bu yalnız indi mümkün olub.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, çempionatın startında matçların Şamaxıda təşkil olunması üçün istək bildirilsə də, həmin vaxt havanın isti olması və stadionda işıqlandırma sisteminin olmaması səbəbindən Peşəkar Futbol Liqası tərəfindən ilk 4 turda gündüz saatlarında qarşılaşmaların keçirilməsinə icazə verilməyib.

Artıq həmin qadağa aradan götürüldüyü üçün komandanın ev görüşlərində sözügedən idman qurğusundan istifadə edəcəyi vurğulanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasında ilk iki ev matçını Qəbələ şəhər stadionunda keçirib. Beşinci turda baş tutacaq “Turan Tovuz”la matçdan etibarən komandanın ev oyunları Şamaxı şəhər stadionunda təşkil olunacaq.

İdman.Biz