“Qəbələ”nin veteran futbolçusu: “Əvvəllər çempionluq üçün oynayırdıq, indi liqada qalmağa çalışırıq” - MÜSAHİBƏ

1 Sentyabr 2026 17:17
72
“Qəbələ”nin veteran futbolçusu: “Əvvəllər çempionluq üçün oynayırdıq, indi liqada qalmağa çalışırıq” - MÜSAHİBƏ

“Yaddaqalan oyunlarım çoxdur. Mən 2006-2007-ci və 2007-2008-ci il mövsümlərində də “Qəbələ”də çıxış etmişəm”.

Bunu 10 ildən çoxdur “Qəbələ”nin formasını geyinən 40 yaşlı futbolçu Asif Məmmədov klubun yaranmasının 21-ci ildönümü ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Uzun illərdir “Qəbələ”nin şərəfini qoruyursunuz. Bu illər sizin üçün nə ifadə edir?

– Düzdür, uzun illərdir buradayam. Demək olar ki, futbolda ilk addımlarımı bu komandada atmışam. Avropa Liqasının qrupunda oynamaq, ölkə kubokunu qazanmaq – hər biri çox xoş hisslərdir. Ümid edirəm ki, gələcəkdə klubun daha böyük – 30, 40 illik yubileylərini qeyd etmək nəsib olar və həmin günlərdə “Qəbələ”nin yanında olarıq.

– Ümumiyyətlə, bu illər ərzində sizin üçün ən yaddaqalan oyun və ya maraqlı xatirələriniz hansılardır?

– Yaddaqalan oyunlarım çoxdur. Mən 2006-2007-ci və 2007-2008-ci il mövsümlərində də “Qəbələ”də çıxış etmişəm. Həmin illərdə komandanın Premyer Liqadan düşmək təhlükəsi var idi. Son dəqiqədə vurduğum qolla komandanın Liqada qalmasına böyük töhfə verdim. Daha sonra 2015-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində “Dinamo Tbilisi”yə vurduğum qolu qeyd edərdim. Mənim üçün ən önəmli və yaddaqalan oyun məhz həmin qarşılaşmadır. Mərhələni keçdik və həmin il Avropa Liqasının qrupunda oynadıq. Ölkə kubokunu iki dəfə qazanmışıq. Bu oyunlar və uğurlar karyeramda xüsusi yer tutur.

– Kluba ilk gəldiyiniz günlə bugünkü vəziyyəti müqayisə etsəniz, hansı fərqləri görürsünüz? Bu illər ərzində “Qəbələ”də nə dəyişib?

– Hər ilin öz xüsusiyyəti və fərqi olub. Çıxış etdiyim illər ərzində müxtəlif dəyişikliklər baş verib. Məsələn, əvvəlki illərdə çempionluq uğrunda, indi isə çempionatda qalmaq üçün mübarizə aparırıq. Təbii ki, arada böyük fərq var. Lakin kollektivdə, klub rəhbərliyində və ümumi ab-havada ciddi dəyişiklik olmayıb. İlk gündən burada isti münasibət və gözəl ab-hava olub, bu gün də belədir.

– Geridə qalan illər ərzində “Qəbələ”də bir neçə dəfə baş məşqçi dəyişikliyi olub. Dünən də gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze ilə yollar ayrıldı. Bu barədə nə düşünürsünüz? Qarşıdakı oyunlarda komandadan nə gözləyirsiniz?

– Nəticə olmayanda və bu vəziyyət uzun müddət davam edəndə dəyişiklik normaldır. Baş məşqçinin işi nəticə ilə qiymətləndirilir. Ümidvaram ki, qarşıdakı oyunlarda hər şey yaxşı olacaq. Yaxşı kollektivimiz var. Rəhbərlik qərar verəcək və gələcək planlar müəyyənləşəcək. Bu barədə mənim məlumatım yoxdur. Amma inanıram ki, “Qəbələ” üçün hər şeyin ən yaxşısı olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Futbolçularımıza inanıram.

– Komandanın bu mövsüm üçün əsas hədəfləri və məqsədləri nələrdir? Hansı pilləni tutmaq sizi qane edəcək?

– Nə qədər yuxarı pillələrdə olsaq, bir o qədər yaxşıdır. Hər bir klub kimi, biz də daha yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Çempionluq uğrunda mübarizə apardığımızı desəm, bu, bir qədər real görünməz. Amma ən azı Konfrans Liqasına vəsiqə verən pillələrdə qərarlaşmaq istəyirik. Futbolda hər şey mümkündür. Ötən mövsüm tutduğumuz mövqedə olmaq istəmirik. Son oyunda pley-offa vəsiqə qazandıq. Bu mövsüm daha yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Avrokuboklara vəsiqə qazanmasaq belə, ən pis halda 6-7-ci yerlərdə olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

– “Qəbələ”nin 21-ci ildönümü ilə bağlı azarkeşlərə nə demək istərdiniz?

– Bütün “Qəbələ” azarkeşlərini ürəkdən təbrik edirəm. Onlar bu illər ərzində yağışda, qarda, istidə, bir sözlə, hər zaman bizim yanımızda olublar. Buna görə onlara təşəkkür edirəm. Hazırkı vəziyyətdə onların dəstəyinə daha çox ehtiyacımız var. Azarkeşlərdən stadionlara gələrək komandamızı dəstəkləmələrini xahiş edirəm. Ümid edirəm ki, növbəti oyunda da onları stadionda görərik və dəstəklərini hiss edərik.

İdman.Biz