“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının III turunda “Araz-Naxçıvan” üzərində 1:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis gərgin avrokubok oyunundan sonra qarşılaşmanın çətin keçəcəyini gözlədiyini bildirib.
“Bu gün bizi hansı oyunun gözlədiyini bilirdik. Çünki belə vacib avrokubok matçından, bu qədər emosiyadan və əlavə vaxtdan sonra asan olmayacağını başa düşürdük. Bundan başqa, oyundan əvvəl yağan güclü yağış da qarşılaşmaya təsir etdi. Stadiona gələndə hətta matçın keçirilib-keçirilməyəcəyini bilmirdik, çünki yağış çox güclü idi.
Amma ümumilikdə komandanın çıxışından və oyunundan çox razıyam. Hesab edirəm ki, ilk hissə və ikinci hissənin böyük bölümündə üstünlük bizdə idi. Davamlı olaraq təhlükəli vəziyyətlər yaradırdıq. Bəli, hücumların son mərhələsində, xüsusilə rəqibin cərimə meydançasında bir qədər kəskinlik çatışmırdı. Amma ümumilikdə daha yaxşı komanda biz idik və bu qələbəyə layiq idik”, - Dambrauskas deyib.
“Sabah”ın baş məşqçisi 49-cu dəqiqədə rəqib qapıçının səhvindən sonra Mbina tərəfindən vurulan yeganə qolu da şərh edib:
“Bəli, qapıçının səhvindən sonra vurulan qol bir qədər qəribə alındı, amma qol qoldur. Qapını toxunulmaz saxlayıb qol vurursansa, həmişə qalib gələcəksən.
Oyunun sonlarında, xüsusilə də bu gün olduğu kimi hesab 1:0 olanda rəqib nəsə etməyə çalışır. Biz də bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Xoşbəxtlikdən, bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də hesab edirəm ki, göstərdiyimiz oyuna görə bu qələbəyə tam layiq idik. İndi ən vacib məsələ Bakıya qayıtmaq və növbəti matça hazırlaşmaqdır”, - mütəxəssis vurğulayıb.
Dambrauskas heyətdə rotasiya etmək imkanından da razı qaldığını bildirib:
“Etməli olduğumuz əsas şey yalnız növbəti oyuna fokuslanmaqdır. Bu gün yenidən üç-dörd mövqedə rotasiya etdiyimiz üçün şadam. Mövsümün əvvəlində çox şans qazanmayan futbolçulara daha çox oyun vaxtı verdik. Deməli, hər şey plana uyğun keçdi. İndi isə qarşıya baxmaq və növbəti oyuna hazırlaşmaq vaxtıdır”.
Qeyd edək ki, “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 49-cu dəqiqədə Mbina vurub.
