Yuri Vernidub: “Fasilədə uşaqlara dedim ki, təzyiqi artırmalıyıq”

1 Noyabr 2026 17:39
94
Yuri Vernidub: “Fasilədə uşaqlara dedim ki, təzyiqi artırmalıyıq”

Azərbaycanın “Neftçi” futbol komandasının baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” üzərində qazanılan 3:2 hesablı səfər qələbəsini şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının həm hücumda, həm də müdafiədə yaxşı çıxış etdiyini bildirib.

“Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm də müdafiədə yaxşı oynadıq. Bilirdik ki, “Şamaxı” asan rəqib deyil və üç xal qazanmaq üçün çox çalışmalıyıq. İlk beş-yeddi dəqiqədə rəqib yaxşı hücumlar qurdu, qol imkanları yaratdı. Bundan sonra toparlandıq və standart vəziyyətdən hesabı açdıq. Lakin “Şamaxı” bərabərliyi təmin etdi və fasiləyə heç-heçə ilə yollandıq”, - deyə Vernidub bildirib.

Baş məşqçi fasilədə futbolçularından daha fəal oyun tələb etdiyini vurğulayıb:

“Fasilədə uşaqlara dedim ki, təzyiqi və intensivliyi artırmalıyıq. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədəki oyunumuzdan razı qaldım. Rəqib çox qol imkanı yaratmadı, amma yenə hesabı bərabərləşdirməyi bacardı. Bundan sonra dəyişikliklər etdik və bu, nəticə verdi. Adeleke Akinyemi üçüncü qolu vurdu”.

Ukraynalı mütəxəssis Şamaxının coğrafi mövqeyinin də oyuna təsir göstərdiyini qeyd edib:

“Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Futbolçular deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik”.

Qeyd edək ki, “Neftçi” səfərdə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edərək Misli Premyer Liqasının 10-cu turunu qələbə ilə başa vurub.

İdman.Biz