Məşhur idman nəşri “Sabah”ın Çempionlar Liqasındakı möcüzəsindən yazdı

27 Avqust 2026 00:33
97
Məşhur idman nəşri “Sabah”ın Çempionlar Liqasındakı möcüzəsindən yazdı

İspaniyanın məşhur idman nəşri olan “Marca” “Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə geniş məqalə həsr edib.

İdman.Biz xəbər verir ki, nəşr Azərbaycan klubunun uğurunu “möcüzə” adlandırıb. Nəşr “Sabah”ın cəmi səkkiz illik tarixə malik olduğunu və “Hapoel Beer Şeva”nı məğlub edərək Çempionlar Liqasının əsas mərhələsində 36 komanda arasında yer aldığını yazıb.

Məqalədə “Sabah”ın turnirdə dörd təsnifat mərhələsini keçdiyi diqqətə çatdırılıb. Bakı klubu İsrail təmsilçisinə qarşı ilk oyunda 3:2 hesabı ilə qalib gəlib, cavab matçında isə əlavə vaxtda 5:2 hesablı qələbə qazanıb.

İspaniya nəşri “Sabah”ın heyətinin maliyyə dəyərinə də diqqət çəkib. Bildirilib ki, “Mançester Siti” Ayub Buaddi üçün 100 milyon avro (198 milyon AZN) ödədiyi halda, “Sabah”ın bütün futbolçularının ümumi bazar dəyəri 17 milyon avro (34 milyon AZN) təşkil edir.

“Sabah”ın ən dəyərli futbolçusu isə polşalı müdafiəçi Timoş Puxaczdır. Onun bazar qiyməti 2,5 milyon avro (4.95 milyon AZN) göstərilir. Futbolçu “Holşteyn Kil”dən 500 min avroya transfer olunub.

“Marca” həmçinin Bakı klubunun heyətində müxtəlif ölkələrdən futbolçuların yer aldığını qeyd edib. Komandada Belçika, Ruanda, Portuqaliya, Cənubi Afrika, Özbəkistan və Braziliyadan olan oyunçuların çıxış etdiyi bildirilib.

Nəşr “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa da diqqət ayırıb. 49 yaşlı litvalı mütəxəssisin daha əvvəl “Ludoqorets”, “Hayduk Split”, “OFİ Krit”, “Omoniya” və “Dyoşgyor”da çalışdığı vurğulanıb.

Məqalədə “Sabah”ın uğurunun Azərbaycanda böyük əks-səda doğurduğu da qeyd olunub. “Marca” Azərbaycan Prezidenti İlham Əliyevin də komandanı Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik etdiyini yazıb.

İdman.Biz