“Sabah” futbol komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə keçirdiyi cavab qarşılaşmasından sonra Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın iştirakı ilə mətbuat konfransı təşkil olunub.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis komandasının sona qədər mübarizə aparmasını xüsusi vurğulayıb və futbolçularının göstərdiyi xarakterdən qürur duyduğunu bildirib.
“Oyunçularım bu gecə möhtəşəm idilər. Karyeramda işlədiyim ən yaxşı kollektivdir. Bəlkə də son dəqiqələrdə siz də ümidinizi itirmişdiniz. Amma biz təslim olmadıq. Mən bu gün dünyanın ən xoşbəxt məşqçisiyəm”, - deyə Dambrauskas vurğulayıb.
Dambrauskas 17 oyunçu ilə bu işin öhdəsindən gəldiklərini söyləyib:
"Biz Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmışıq. Bunu bacarmışıqsa, mən hansı oyunçunu bu komandadan kənarlaşdıra bilərəm? Bu gün 17 oyunçu ilə bu işin öhdəsindən gəldik, yeni transfer barədə düşünürsüzsə, onda deyin, hansı oyunçunu komandadan çıxarıb, yerinə yeni oyunçu sifariş edə bilərik? Məncə, bu oyunçuların hər biri Çempionlar Liqasının liqa mərhələsində çıxış etməyə layiqdir.
Tellur Mütəllimova güvənirik. O da yəqin gələcəkdə nəvələrinə necə vacib qol vurmasından danışacaq. Start heyətdə meydana çıxmadı, amma lazım olanda meydana daxil olmağa, hər zaman hazır olduğunu göstərdi. Onunla qürur duyuram.
Tellurla bağlı dediklərimi Aleksey İsayev üçün də demək istəmirəm. Adətən o, əsas heyətdə meydana çıxır. Buxarestdəki matçda məğlub olduqdan sonra da demişdim ki, müəyyən dəyişikliklər etməliyəm, amma bu, səhv etmədən olmalı idi ki, rəqibi çaşdıra bilək.
Mən heç vaxt ümidimi itirmirəm. Dəyişikliklər edəndə də inanırdım ki, qol vuracağıq. Bizim üçün bu gün uğurlu alındı.
Bizim bir fəlsəfəmiz var, həmişə oyuna dominantlıq edən tərəf olmaq istəyirik. Qapıçımızın səhvi oldu, amma mən onunla da qürur duyuram. Səhvlərimiz oldu, bunların üzərində işləyəcəyik. Nə səhvlər olursa olsun, bu gün mən ən xoşbəxt məşqçiyəm. Oyunçular nə edib, necə edib heç bir önəmi yoxdur. Gəlin bu gün səhləri kənara qoyaq.
Mən sizə yüz faiz təminat verirəm ki, bu uğuru bu gün qeyd edəcəm. Alkoqollu içki qəbul etməsəm də, bu gün bu qələbəni müəyyən şəkildə qeyd edəcəm”
Xatırladaq ki, "Sabah" "Hapoel" (Beer-Şeva, İsrail) üzərində 5:2 hesabı ilə qələbə qazanıb.
Foto: İslam Atakişiyev
