“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA-nın cari mövsüm reytinqində liderliyə qaytardı - FOTO

21 Avqust 2026 10:05
82
“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA-nın cari mövsüm reytinqində liderliyə qaytardı

Futbol üzrə UEFA-nın cari mövsüm üçün əmsallar reytinqində Azərbaycanın mövqeyi yenidən dəyişib. “Qarabağ”ın qələbəsi ölkəmizi 3,375 xalla liderliyə qaytarıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan bu göstərici ilə Latviyanı da qabaqlayaraq ilk pilləni bölüşür. Ölkəmizin cari mövsümdəki ümumi əmsalına “Sabah” və “Qarabağ”ın hər biri 1,250, “Zirə” 0,625, “Neftçi” isə 0,250 xal əlavə edib.

Qeyd edək ki, son beş mövsümün nəticələrini nəzərə alan UEFA reytinqində Azərbaycan 21,937 xalla 26-cı pillədə qərarlaşıb. Ölkəmiz avrokuboklarda mübarizəni iki klubla davam etdirir.

Azərbaycanın ən yaxın qonşuları da dəyişməyib. 22,843 xalı olan Sloveniya 24-cü, 20,625 xala malik Slovakiya isə 27-ci yerdədir. Hər iki ölkə avrokuboklarda mübarizəni yalnız bir klubla davam etdirir.

Ümumi UEFA reytinqinə isə 98,574 xalla İngiltərə başçılıq edir.

Xatırladaq ki, bu həftə “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin “Hapoel Beer-Şeva” klubuna 1:2 hesabı ilə uduzub. “Qarabağ” isə UEFA Konfrans Liqasının pley-off mərhələsinin səfər oyununda Niderlandın “Tvente” klubuna 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz