Millimizin keçmiş üzvü “İberiya 1999”un ağır məğlubiyyətində meydana çıxdı

21 Avqust 2026 04:38
87
Millimizin keçmiş üzvü “İberiya 1999”un ağır məğlubiyyətində meydana çıxdı

UEFA Avropa Liqasının pley-off mərhələsində “İberiya 1999” futbol komandası Polşanın “Yagelloniya” klubuna 0:4 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Tbilisi təmsilçisinin heyətində çıxış edən “Zirə”nin keçmiş yarımmüdafiəçisi Eldar Quliyev qarşılaşmanın 80-ci dəqiqəsində Nikoloz Dadianinin əvəzinə meydana daxil olub.

“Yagelloniya”nın qollarını 34-cü dəqiqədə penaltidən Xesus İmaz, 45+2-ci dəqiqədə Ceremi Aqbonifo və 90+2-ci dəqiqədə Serxio Lozano vurublar. Daha bir qol isə 62-ci dəqiqədə “İberiya 1999”un futbolçusu İbrahim Alhassanın avtoqolu nəticəsində qeydə alınıb.

Bu qələbə ilə “Yagelloniya” UEFA Avropa Liqasının liqa mərhələsinə vəsiqə uğrunda ciddi üstünlük əldə edib.

Hər iki komanda UEFA Konfrans Liqasının liqa mərhələsində iştirakını artıq təmin edib. Cütün qalibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, “İberiya 1999” futbol komandasının baş məşqçisi “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenkodur.

Xatırladaq ki, Eldar Quliyev 2023-cü ilin fevral ayında "Zirə" klubuna 100 min avro qarşılığında transfer olunub və 3.5 illik müqavilə imzalayıb. O, 67 oyuna çıxaraq iki qol vurub. Cari ilin may ayında müqavilənin müddəti başa çatdığı üçün “Zirə”dən ayrılıb. Quliyev 2018-ci ildə 16 yaşlılardan ibarət Azərbaycan millisində çıxış edib.

İdman.Biz