Niderlandın “Tvente” futbol komandasının baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun öncəsi Azərbaycan çempionu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis ESPN-ə açıqlamasında Abdullah Zubirin artıq “Qarabağ”da çıxış etməməsinə sevindiyini deyib.
“Onun getməsinə şadam. Ötən həftə Kiyevə qarşı da oynayıb, sonra, deyəsən, müqaviləsi ləğv olundu. O, şübhəsiz ki, onların ən yaxşı futbolçularından biri idi. Belə oyunçuların meydana çıxmaması həmişə yaxşıdır”, - deyə van den Brom bildirib.
Baş məşqçi “Qarabağ”ı ətraflı təhlil etdiklərini də vurğulayıb:
“Demək olar ki, meydandakı bütün futbolçuları keyfiyyətlidir və hamısı topla oynamağı sevir. Bunun üçün risk də edirlər və hücum düşüncəsi ilə çıxış edirlər. Məncə, müdafiəyə keçiddə bir qədər zəifdirlər. Amma ümumilikdə bu, çox yaxşı komandadır və bura niyə gəldiyini bilir”.
Van den Brom “Qarabağ”ın son illərdə ardıcıl avrokuboklarda çıxış etdiyini qeyd edib. O, Ağdam klubunun bazar ertəsi oyun keçirməsini və uzun səfər etməsini də “Tvente”nin istifadə edə biləcəyi amillər sırasında göstərib.
“Nə qədər çox enerji və intensivliklə oynasaq, stadionumuza gələn istənilən rəqib üçün bir o qədər çətin olacağıq”, - deyə niderlandlı mütəxəssis əlavə edib.
Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”dan ayrıldıqdan sonra Qətərin “Əl-Şahaniya” klubuna keçib. O, 2018-ci ildən çıxış etdiyi Ağdam klubunun heyətində 368 matçda 78 qol vurub. “Qarabağ”la altı dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.
