Canni İnfantino yenidən Bakıda: “Futbol dünyanı bir daha birləşdirəcək” - VİDEO

24 Oktyabr 2026 01:18
108
Canni İnfantino yenidən Bakıda: “Futbol dünyanı bir daha birləşdirəcək”

FIFA prezidenti Canni İnfantino futbol üzrə tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalında iştirak etmək üçün Bakıya gəlib.

İdman.Biz xəbər verir ki, ali futbol qurumunun rəhbərini hava limanında AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Elşad Nəsirov qarşılayıblar.

Paytaxtımıza səfərindən məmnunluğunu ifadə edən İnfantino instaqram hesabında paylaşım edərək qarşıdakı yarışla bağlı gözləntilərini bölüşüb:

“Bakıda AFFA prezidenti Rövşən Nəcəf tərəfindən səmimi qarşılandım. Bütün iştirakçılara uğurlar arzulayıram. Futbolun dünyanı bir daha birləşdirəcəyi möhtəşəm həftəni səbirsizliklə gözləyirəm”.

Oktyabrın 24-də start götürəcək turnirdə ilk qarşılaşmalar saat 09:00-da keçiriləcək. Oyunların böyük hissəsinə Hövsanda inşa edilmiş yeni futbol kompleksi ev sahibliyi edəcək.

Açılış mərasimi isə saat 19:00-da “Baku Crystal Hall”da başlayacaq. Burada Azərbaycan millisinin iştirakı ilə turnirin ilk oyunu da keçiriləcək.

Qeyd edək ki, İnfantino sentyabrın sonunda da Bakıda olmuş, dünya çempionatına hazırlıq prosesinin gedişi ilə yerində tanış olmuşdu.

İdman.Biz