Almaniya və Avstriya yığmaları oktyabrın 24-dən 30-dək Bakıda keçirilən FIFA-nın 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında iştirak etmirlər.
Idman.Biz xəbər verir ki, Avstriyanın Der Standard nəşri 189 milli komandanın qatıldığı irimiqyaslı turnirdə bu iki Avropa təmsilçisinin iştirak etməməsinin səbəblərini araşdırıb.
Almaniya Futbol İttifaqı (DFB) qərarını gənc futbolçuların hazırlanması sisteminin xüsusiyyətləri ilə izah edib.
Qurum hesab edir ki, bu yaşda olan futbolçular peşəkar futbolun yaratdığı təzyiq, ictimaiyyətin yüksək gözləntiləri, çıxışlarının erkən mərhələdə açıq qiymətləndirilməsi və agentlərin marağı ilə vaxtından əvvəl üzləşməməlidirlər.
DFB-nin fikrincə, bu amillər gənc istedadların inkişafına mənfi təsir göstərə bilər. Buna görə federasiya onların böyük beynəlxalq yarışlarda iştirakına daha ehtiyatlı yanaşır.
Avstriya Futbol Federasiyası (ÖFB) isə fərqli səbəb göstərib. Qurum Der Standard-ın sorğusuna cavabında bildirib ki, Bakıda keçiriləcək dünya çempionatı elan olunan vaxt U-15 millisinin başqa bir turnirdə iştirakı artıq razılaşdırılmışdı.
Söhbət oktyabrın 28-dən noyabrın 2-dək Avstriya Futbol Federasiyasının bazasında təşkil olunacaq UEFA Development turnirindən gedir. Avstriya yığması burada İslandiya, Yunanıstan və İspaniya ilə qarşılaşacaq.
Bununla belə, ÖFB Bakıdakı çempionatın səkkizə səkkiz formatını müsbət qiymətləndirib. Federasiya turniri diqqətlə izləyəcəyini və əldə olunan təcrübəni gələcəkdə analoji yarışlarda iştirak barədə qərar verərkən nəzərə alacağını bildirib.
Der Standard nəşri turnirdə Rusiya millisinin iştirakına da xüsusi diqqət ayırıb. Komanda yarışda öz milli bayrağı altında çıxış edir. Avstriya mətbuatı bunu Rusiya futbolunun beynəlxalq arenaya qayıdışı istiqamətində addımlardan biri kimi qiymətləndirir. Bu qərar Ukrayna tərəfindən tənqidlə qarşılanıb.
Bununla belə, Almaniya və Avstriya federasiyaları Bakıya gəlməmələrini rəsmi olaraq idman və təşkilati səbəblərlə izah ediblər və qərarlarını Rusiya millisinin iştirakı ilə əlaqələndirməyiblər.
Xatırladaq ki, Azərbaycanda keçirilən ilk FIFA U-15 dünya çempionatı və festivalı çərçivəsində minə yaxın matç nəzərdə tutulub. Görüşlər səkkizə səkkiz formatında, hərəsi 20 dəqiqə olmaqla iki hissədən ibarət keçirilir.
