Marko Roze: “Mançester Yunayted” qəzəbli və aqressiv olacaq”

24 Oktyabr 2026 02:04
95
Marko Roze: “Mançester Yunayted” qəzəbli və aqressiv olacaq”

“Bornmut”un baş məşqçisi Marko Roze İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə keçiriləcək səfər oyunu öncəsi futbolçularına xəbərdarlıq edib. Almaniyalı mütəxəssis rəqibin son uğursuzluqlardan sonra meydana daha böyük istəklə çıxacağını gözləyir.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted”in Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlub olmasından sonra baş məşqçi Maykl Karrikin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Rozenin fikrincə, bu vəziyyət “Old Trafford”da keçiriləcək qarşılaşmanı daha da çətinləşdirir.

“Əminəm ki, Karrik futbolçularına mentalitetin, göstərilən səylərin və oyuna münasibətin vacibliyini izah edəcək”, - deyə Roze mətbuat konfransında bildirib.

“Bornmut”un çalışdırıcısı “Mançester Yunayted” ətrafında gedən müzakirələri izlədiyini, lakin bunların öz komandasına üstünlük qazandıracağına inanmadığını söyləyib:

“Klubun ətrafındakı söz-söhbətləri eşidirəm. Amma bunun bizə kömək edib-etməyəcəyini bilmirəm. Çünki indi Mançesterdə hamı nə etmək və bunu necə etmək lazım olduğunu bildiyini düşünür. Bu məsələlər bizim işimizə təsir etməməlidir. Oraya gedib diqqətimizi oyuna yönəltməli, öz futbolumuzu göstərməli və yaranan vəziyyətlərə düzgün reaksiya verməliyik”.

Roze rəqib futbolçuların meydanda daha sərt və mübariz əhval-ruhiyyədə olacağını gözlədiyini vurğulayıb:

“Düşünürəm ki, onlar qəzəbli və çox aqressiv olacaqlar. Buna hazır olmalıyıq. Açıq futbol oynamaq və sonda qalib gəlmək istəyirik”.

Baş məşqçi “Mançester Yunayted”in üzləşdiyi təzyiqin komandanı daha təhlükəli edə biləcəyini də qeyd edib:

“Elə bir məqam gəlir ki, istər məşqçi, istər klub, istərsə də futbolçu olaraq artıq itirəcəyin heç nə qalmır. Buna görə də belə rəqiblərlə oynamaq həmişə çətindir”.

Almaniyalı mütəxəssis futbolçularından matçın əvvəlindən sona qədər diqqətli olmalarını tələb edib:

“İstənilən vəziyyətə hazır olmalıyıq. Oyuna yaxşı başlamalı, enerjimizi və özümüzə inamımızı qorumalıyıq. Nə baş verməsindən asılı olmayaraq, bunu bacarmalıyıq. Çünki həmin stadionda oynamaq çox çətindir”.

“Mançester Yunayted” və “Bornmut” arasında Premyer Liqa qarşılaşması bazar günü “Old Trafford” stadionunda keçiriləcək.

İdman.Biz