Qurban Qurbanov: “Bu hələ duelin ilk hissəsidir”

21 Avqust 2026 00:32
112
Qurban Qurbanov: “Bu hələ duelin ilk hissəsidir”

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Tvente”ni səfərdə 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularının mübarizəsindən razı qaldığını bildirib və həm Niderlanddakı, həm də Azərbaycan azarkeşlərinə təşəkkür edib.

“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Yaxşı və düzgün mübarizə apardılar, çox güc sərf etdilər. “Qarabağ” olaraq burada üçüncü dəfədir oynayırıq. İnanın ki, bu stadiondan, azarkeşlərdən hər dəfə daha çox zövq alırıq.

Bizim azarkeşlərimizə də təşəkkür edirəm. Komandamızın çıxışından həzz aldılar. Yerlərində bir dəqiqə də dayanmadılar. Hamısı bizi dəstəklədi, yanımızda olduqlarını hiss etdirdilər”, – deyə Qurbanov bildirib.

“Qarabağ”ın baş məşqçisi 1:0 hesablı qələbənin hələ heç nəyi həll etmədiyini də xüsusi vurğulayıb:

“Çox vacib qələbə oldu. Amma bu hələ duelin ilk hissəsidir. Bakıda cavab görüşü olacaq. Evdə daha diqqətli və intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Tvente”ni 1:0 hesabı ilə məğlub edib və cavab görüşü öncəsi üstünlük qazanıb.

İdman.Biz