“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə beş oyunluq cəzalandırılıb

20 Avqust 2026 12:37
136
“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə beş oyunluq cəzalandırılıb

Misli Premyer Liqasının birinci turunun “Sumqayıt” - “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə beş oyunluq cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 000 manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin dörd futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Qeyd edək ki, “Sumqayıt”- “Neftçi” oyunu 3:1 hesabı ilə bakılıların xeyrinə bitib. Oyunun 74-cü dəqiqəsində kobud oyuna görə baş hakim “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə qırmızı vərəqə göstərib. Bu qərara emosional reaksiya göstərən futbolçu qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda yumuruğu ilə dəhlizin şüşəsini sındırıb. Nəticədə böyük şüşə parçası futbolçunu ayağına düşərək onu ciddi zədələyib. Əməliyyat olunan futbolçunun beş ay yaşıl meydandan kənarda qalacağı açıqlanıb.

Komitənin iclasında verilən digər qərara əsasən, sözügedən turda “Qarabağ”la qarşılaşan “Şamaxı”nın dörd futbolçusu sarı vərəqə alıb və komanda 700 manat cərimələnib.

İdman.Biz