“Səbail” futbol klubu gələcəkdə Qubada baza və Avropa standartlarına cavab verən stadion tikməyi planlaşdırır”.
İdman.Biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı təmsilçisinin prezidenti Mirzə Bayrampur deyib.
Klub prezidenti yaxın gələcəkdə komandanın adının dəyişdiriləcəyini və Qubaya köçəcəyini bildirib.
“Qubada baza tikməyi planlaşdırırıq. Bu, həmçinin uşaq futbolunun inkişafı üçün hesablanıb. Oyunlarımızı keçirmək üçün Quba Olimpiya İdman Kompleksinin stadionuna müraciət etmişik. Müsbət cavab aldıqdan sonra ot örtüyünün dəyişdirilməsi və bir neçə vacib işə start veriləcək. Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”, – deyə Mirzə Bayrampur bildirib.
Qeyd edək ki, “Səbail” yeni İdarə Heyətinin təqdimat mərasimində beş legioner futbolçu ilə müqavilə imzaladığını açıqlayıb. Bakı klubu Peter Aqbeloven, Ezekiel Morqan, Yan Said, Dinyo və Hulkla anlaşıb.
Xatırladaq ki, “Səbail” 2026/2027 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.
