“Sabah” ÇL-də üçüncü təsnifat mərhələsinə yüksələn dördüncü Azərbaycan klubu oldu - İDMAN.BİZ-in İCMALI

29 İyul 2026 11:28
135
“Sabah” ÇL-də üçüncü təsnifat mərhələsinə yüksələn dördüncü Azərbaycan klubu oldu - İDMAN.BİZ-in İCMALI

Bakının “Sabah” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn dördüncü Azərbaycan klubu olub.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi II təsnifat mərhələsində Finlandiyanın KuPS klubunu hər iki oyunda məğlub edib - Masazırda 1:0, Kuopioda isə 2:0 hesabı ilə qalib gəlib.

Üçüncü təsnifat mərhələsində “Sabah” Polşanın “Lex” və Danimarkanın “Orhus” klubları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq. İlk oyunda Poznan təmsilçisi 4:1 hesablı qələbə qazanıb, cavab görüşü isə bu gün – iyulun 29-da keçiriləcək. III təsnifat mərhələsinin oyunları avqustun 4/5-i və 11-də baş tutacaq.

Qeyd edək ki, Çempionlar Liqasının bu mərhələsinə yüksələn ilk Azərbaycan klubu 2009/10 mövsümündə "Bakı" olub. Paytaxt təmsilçisi Bolqarıstanın "Levski" klubuna qarşı ev oyununda 0:0 hesablı heç-heçə edib, Sofiyada keçirilən cavab matçında isə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

2012/13 mövsümündə “Neftçi” də III təsnifat mərhələsinə qədər irəliləyib. “Neftçi” səfərdə İsrailin “Hapoel İroni Kiryat-Şmona” klubuna 0:4 hesabı ilə məğlub olub, Bakıda keçirilən cavab görüşündə isə 2:2 hesablı heç-heçə edərək turnirlə vidalaşıb.

Azərbaycanın rekordçusu isə Çempionlar Liqasının III təsnifat mərhələsində 10 dəfə çıxış edən “Qarabağ”dır. Ağdam təmsilçisi bu mərhələni dörd dəfə – 2017/18, 2022/23, 2024/25 və 2025/26 mövsümlərində adlayıb. Daha altı halda isə "Qarabağ" məhz III təsnifat mərhələsində mübarizəni başa vurub.

Beləliklə, “Sabah”ın III təsnifat mərhələsinə yüksəlməsi Azərbaycan klubunun Çempionlar Liqasında bu mərhələdə 13-cü çıxışı kimi tarixə düşüb.

İdman.Biz