Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib

29 İyul 2026 11:13
98
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib

Azərbaycan UEFA ölkələr reytinqində 26-cı pillədə qərarlaşmaqda davam edir.

İdman.Biz xəbər verir ki, “Sabah”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın “KuPS” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlməsindən sonra Azərbaycanın ümumi əmsalı 20,687 xala çatıb. Bununla belə, ölkənin reytinqdəki mövqeyi dəyişməyib.

Belə ki, cari mövsümdə Azərbaycanın əmsalına ilk təsnifat mərhələsində “Sabah”, “Qarabağ” və “Zirə”nin mərhələ adlaması mühüm töhfə verib. “Sabah” UEFA Çempionlar Liqasında Uelsin TNS klubunu 2:0 və 2:1, ikinci təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” komandasını 1:0 və 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” UEFA Avropa Liqasında İslandiyanın “Vestri” klubunu hər iki görüşdə 3:0 hesabı ilə üstələyib, ikinci təsnifat mərhələsinin ilk matçında isə Bolqarıstanın “CSKA Sofia” komandası ilə 0:0 hesablı heç-heçə edib. “Zirə” UEFA Konfrans Liqasında Gürcüstanın “Torpedo” klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub etsə də, ikinci təsnifat mərhələsinin ilk görüşündə Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə uduzub. “Neftçi” isə UEFA Konfrans Liqasında Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə məğlub olub.

Hazırda Azərbaycan 20,687 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci sırada olan İsrailin 21,500, 27-ci pillədə yer alan Bolqarıstanın isə 18,562 əmsalı var.

Qeyd edək ki, UEFA ölkələr reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

İdman.Biz