“Antalyadakı təlim-məşq toplanışı əla keçdi. Əlbəttə ki, vaxtımız az idi. Birbaşa Antalyada hazırlığa başladıq və ağır məşqlərdən əlavə oyunlara da çıxdıq”.
Bunu İdman.bizə “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
O, komandasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib. Futbolçularında yorğunluğun hiss olunduğunu bildirən mütəxəssis bunu normal qiymətləndirib: “Bunun bəhrəsini çempionatda görəcəyik. Yaxşı komandalara qarşı oynadıq, həm Rumıniya, həm də Özbəkistan çempionatında çıxış edən klublarla gücümüzü yoxladıq. Bəzi oyunçularda kiçik zədələrimiz oldu. Bizi məyus edən komandanın yoldaşlıq görüşündə istədiyimiz kimi oynaya bilməsidir. Ancaq ümumi götürsək, məşqlər planlaşdırdığımız kimi keçdi”.
Abbasovun yetirmələri bütün yoxlama matçlarında iki top fərqi ilə məğlub olub. Mütəxəssis bildirib ki, “Turan Tovuz”un 3 oyunda 8 qol buraxması yaxşı nəticə deyil: “Amma yoxlama görüşlərində fərqli heyətlə oynadıq. Tam heyətlə mübarizə aparmadıq. İlk oyunumuzda birinci hissədə çox dəyişikliklər etdik, gənc futbolçulara şans verdik. Qollar buraxırıqsa, komanda şəklində bunun öhdəsindən gəlmək lazımdır. Premyer Liqada da ən çox qol vuran ikinci komandayıq. Amma bununla yanaşı, ən çox qol buraxan da bizik. Bunun üzərində hər məşqdə çalışırıq. Futbolçuların diqqətli, daha çox motivasiyalı olmaqlarını istəyirik. Səhvlər çoxdur. Qapımızda qolları isə hər dəfə fərqli səhvlər nəticəsində görürük”.
O, komandanı gücləndirmək üçün bəzi futbolçularla danışıqlar aparıldığını, lakin alınmadığını bildirib: “Buna baxmayaraq, yenə də hər hansısa futbolçuya təklif göndərərək, anlaşa bilərik. Daha çox xal qazanmalıyıq. Yerimizi möhkəmlətmək, daha çox yuxarı pillələrə qalxmaq istəyirik. Bu, asan olmayacaq. Çünki digər klublar da iddialıdır. Həmişə olduğu kimi bütün oyunlara qələbə qazanmaq üçün çıxırdıqsa, yenə də eyni tempdə mübarizə aparacağıq”.
Qeyd edək ki, “Turan Tovuz” Antalya “Voluntari” (Rumıniya) və “Şiofok”a (Macarstan) 0:2, “Nasaf”a (Özbəkistan) 2:4 hesabı ilə uduzub.
Banuçiçək Hüseynli
İdman.biz
