Vidadi Rzayev: “Neftçi” üçün mövsüm bitdi”

11 Mart 2026 11:24
98
Vidadi Rzayev: “Neftçi” üçün mövsüm bitdi”

“Bu mövsüm “Neftçi” üçün bitdi. İnanmıram ki, avrokuboklara vəsiqə qazansınlar. Bəlkə gələn mövsüm olar”.

Bu sözləri veteran futbolçu Vidadi Rzayev deyib.

“Kəpəz”in sabi məşqçisi Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqdan sonra “ağ-qaralar”ın avrokuboklara vəsiqə şansının demək olar ki, bitdiyini bildirib.

“Yuri Vernidub komandanı götürdükdən sonra əvvəlcə uğurlu nəticələr oldu. “Şamaxı” ilə oyunda müzakirə olunan penalti epizodundan sonra “sındılar”. Vernidub bundan daha artığını edə bilərdi. “Neftçi” yüksələ bilərdi. Amma baş məşqçinin də komandanı qurmaq, oyunçu seçmək üçün çox vaxtı olmadı. Ümumilikdə isə “Neftçi”nin durumu uğursuzdur. Hər gələn məşqçi deyir ki, hər şey yaxşı olacaq, düzəldəcəyik, istədiyimiz nəticəni əldə edəcəyik. Bu bir növ Canni de Byazinin milli komandaya gələndə dediklərinə bənzəyir. O da deyirdi ki, Azərbaycanda potensial var, yaxşı nəticələr olacaq. Amma uduza-uduza gedəndən sonra dedi ki, pulumu verin, qayıdım ölkəmə. Yuri Vernidub da sanki eyni prinsiplə işləyir”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

V.Rzayev ötən günləri xatırlayıb:

“Azarkeşlər ən yaxşısını istəyir. Amma klubun daxilində baş verən proseslərdən heç kimin xəbəri yoxdur. Rəhmətlik Ruslan Abdullayev 18 yaşımda “Neftçi”də oynayanda mənə bir sual vermişdi. Soruşdu ki, tribunadan futbol necə görünür? Dedim, əla. Sonra dedi, pillə-pillə aşağı düşəndə necə? Dedim, yaxşıdır, amma yuxarıdan daha yaxşı görünürdü. O isə dedi ki, komandanın içinə girəndə bütün mundarlıqlar üzə çıxır. İndi də azarkeşlər komandanın yaxşı nəticə göstərməsini istəyir, amma klubun daxilində nələr baş verdiyini heç kim bilmir. Onu yalnız rəhbərlik bilər”.

Sabiq yarımmüdafiəçi məşqçiyə zaman tanınmasını istəyir:

“Bir baş məşqçiyə ən azı 3-4 il vaxt vermək lazımdır. Bu da bir növ Marsı aşmaq kimidir – alınar, ya alınmaz. Məsələn, “Qarabağ”da alındı. Qurban Qurbanovu gətirdilər və nəticə verdi. “Neftçi” isə flaqman klubdur, möhür onun üzərindədir və heç kəs də onu götüüə bilməz. Azarkeş oyuna baxır, komanda uduzanda bu, hamıya təsir edir. “Qarabağ”la rəqabətə girməli, ən azı yüksək yerlər uğrunda mübarizə aparmalıdırlar. Heç olmasa, avrokuboklar üçün yarışmalıdırlar. Demirəm ki, Verniduba vaxt verilməsin. Amma hamı “Neftçi”ni yuxarı pillələrdə görmək istəyir. Heç kim 5-6-cı yerlərlə razılaşmaq istəmir. Əgər bu gün “Neftçi” bunu etmirsə, bu artıq ümumi futbolumuzun problemidir. Heç kim Vernidubu da uzun müddət gözləməyəcək ki, gələn il nəsə edər. O gəldi və komandanı qəbul etdi, bu yük indi onun üzərindədir. Klub və azarkeşlər onun qalmasına necə reaksiya verəcək, bilmirəm. İlk gələndə pis təsir bağışlamırdı. Amma sonradan futbolçularla münasibəti necə qurur, bunu demək çətindir”.

İdman.Biz