İkinci Liqada çempion olaraq Birinci Liqaya vəsiqə qazanan “Xankəndi” futbol klubu yeni mövsümdə ev oyunlarını doğma şəhərdə keçirmək arzusundadır.
Klubun meneceri Rəşad Babayev bildirib ki, məsələ ilə bağlı hələlik yekun qərar yoxdur.
“Bu barədə dəqiq nəsə demək mümkün deyil. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır və hazırda orada təmir işləri aparılır. Özümüz də gedib vəziyyətlə tanış olmuşuq, nazirliklə əlaqəmiz var. Hələ ki, bir yenilik yoxdur. Ən böyük arzumuz Xankəndidə oynamaqdır. Qarabağ Universitetində fanklubumuz yaradılıb və onların qarşısında meydana çıxmaq bizim üçün qürur olar. PFL rəsmiləri də bildiriblər ki, icazə verilsə, təşkilatçılıqla bağlı əllərindən gələnin ən yaxşısını edəcəklər. Buna görə onlara təşəkkür edirik. Lakin orada oynayıb-oynamayacağımız bizdən asılı olan məsələ deyil”, - deyə o offsideplus.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Xankəndi” ötən mövsüm İkinci Liqanın qalibi olaraq Birinci Liqaya yüksəlib. Klub rəhbərliyi yeni mövsümdən etibarən komandanın ev oyunlarını Xankəndidə keçirmək niyyətindədir. Hələlik bununla bağlı rəsmi qərar açıqlanmayıb.
