“Azərbaycan Mərakeşdən nümunə götürə bilər” - Anatoli Ponomaryovun İDMAN.BİZ-ə EKSKLÜZİV MÜSAHİBƏSİ

10 İyul 2026 17:20
76
“Azərbaycan Mərakeşdən nümunə götürə bilər” - Anatoli Ponomaryovun İDMAN.BİZ-ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Nigeriyalı cinah oyunçusu Zadok Yohannanın hekayəsi bu yay İsveç futbolunun ən səs-küylü transfer mövzularından birinə çevrilib.

İdman.Biz xəbər verir ki, bu yaxınlarda İngiltərə Premyer Liqası təmsilçisi “Brayton” istedadlı futbolçunun AİK-dən(İsveçin peşəkar futbol klubu – red) transferi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Yohanna İngiltərə klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Transferin məbləği rəsmi şəkildə açıqlanmasa da, Avropa mətbuatında müxtəlif rəqəmlər səsləndirilib – bonuslar da daxil olmaqla 21,5 milyon funt sterlinqdən 28 milyon avroya qədər. Bu transfer AİK üçün rekord olub və eyni zamanda futbolçunun taleyinin nə qədər sürətlə dəyişə biləcəyini göstərib. Hələ yaxın vaxtlara qədər Yohanna Nigeriyada “Ikon Allah” futbol klubunda çıxış edirdi, indi isə dünyanın ən güclü liqalarından birində özünü göstərməyə hazırlaşır.

Bu hekayədə Azərbaycan izi də var. Yohanna ilə işləyən və onun Nigeriyadan Avropaya yol açmasında iştirak edən şəxslərdən biri Azərbaycan millisinin sabiq futbolçusu, “Abberton Sports” futbol agentliyinin həmtəsisçisi Anatoli Ponomaryov olub.

İsveç mətbuatı onu futbolçunun məsləhətçilərindən biri adlandırır və qeyd edir ki, məhz Ponomaryov Alagi Sossenin birlikdə Nigeriyada keçirilən turnirdə istedadlı cinah oyunçusunu kəşf edib. Daha sonra Yohanna AİK-ə keçib, İsveç çempionatında qısa müddətdə özünü göstərib və Avropanın aparıcı klublarının diqqətini cəlb edib.

Zadok Yohannanın necə tapıldığı, “Brayton”un onu uğrunda mübarizədə niyə qalib gəldiyi, Azərbaycan millisinin sabiq futbolçusunun bu böyük transfer hekayəsinin bir hissəsinə necə çevrildiyi və Azərbaycan futbolu barədə İdman.Biz Anatoli Ponomaryovun özü ilə söhbətləşib.

– Ən əvvəldən başlayaq. Zadok Yohannanı necə tapdınız?

– Bizim “Abberton Sports” şirkəti Nigeriyada Avropa klubları üçün skaut turnirləri təşkil edir. Bu ölkənin əhalisi təxminən 200 milyon nəfərdir və futbol burada ən populyar idman növüdür. Çox sayda uşaq futbol oynadığı üçün gənc istedad seçimi həqiqətən də çox genişdir.

Belə turnirlərdə yerli akademiyaların 16-19 yaşlı yetirmələri iştirak edir, onların oyununu isə Avropadan xüsusi dəvət olunmuş skautlar izləyirlər. Belə turnirlərdən birində İsveçin ən böyük klublarından biri olan AİK-in nümayəndələri Zadoku bəyənib və nəticədə onu yerli akademiyadan 300 min avroya transfer ediblər. O, ötən ilin yayında İsveç klubuna qoşulub. İlk iki ay U-19 komandasında çıxış edib, daha sonra əsas komandaya yüksəldilib.

O vaxtdan bəri İsveç çempionatında 13 oyun keçirib və bundan sonra bir çox Avropa klubunun maraq dairəsinə düşüb. Biz PSJ, “Nyukasl”, “Çelsi”, “Mançester Yunayted”, “Leyptsiq”, Dortmund “Borussiya”sı və digər klublarla danışıqlar aparırdıq. Nəticədə seçimimizi 28 milyon avro ödəyən “Brayton”un üzərində saxladıq.

Yeri gəlmişkən, bu transfer Skandinaviya futbolu üçün rekord oldu. Biz də sövdələşmədən öz faizimizi əldə etdik, çünki Yohannanın maraqlarını təmsil etməyə davam edirik.

– Niyə məhz “Brayton”u seçdiniz?

– Bu klub gənc futbolçularla çox yaxşı işləyir və onların gələcək inkişafı üçün geniş imkanlar yaradır. Bizim fikrimizcə, Yohannanın böyük ulduza çevrilməsi üçün ən yaxşı perspektiv məhz “Brayton”dadır. Bundan əlavə, komandanın baş məşqçisi onu öz heyətində görməyi çox istəyirdi. Bu da qərarın qəbulunda mühüm rol oynadı.

– Nigeriyada keçirilən skaut turnirlərinə akademiyaların yetirmələrini məhz sizin şirkət dəvət edir?

– Bəli. Biz müxtəlif akademiyaların yetirmələrini, eləcə də Avropa futbol klublarının nümayəndələrini dəvət edirik. Dəvət olunmuş mütəxəssislərin yol və yaşayış xərclərini ödəyirik. Skaut turnirlərimizdə iştirak edən gənc futbolçuların ümumi sayı təxminən 500 nəfərə çatır.

Yadımdadır, Yohanna turnirdə köhnə, aşınmış və üstəlik ayağına böyük olan butslarla oynayırdı, çünki onun başqa ayaqqabısı yox idi. O, çox kasıb bir rayonda böyüyüb. Akademiya onu 12 yaşında qəbul etmişdi. Akademiyada olduğu bütün müddət ərzində Zadok anasını bir dəfə də olsun görə bilməmişdi, çünki evə getmək üçün yol puluna sahib deyildi.

– Onun istedadını ilk görən kim oldu?

– Bu, ilk baxışdan hiss olunurdu – qaçışından, topla davranışından. Çox bacarıqlı oğlan idi. Biz qısa zamanda başa düşdük ki, onun böyük gələcəyi ola bilər.

– Siz yalnız Nigeriya üzrə ixtisaslaşırsınız?

– Hazırda əsasən Nigeriyada işləyirik. Amma yaxın gələcəkdə Liberiya və Qanada da skaut turnirləri keçirməyi planlaşdırırıq. Nigeriyanın özündə iki turnir təşkil etmişik və onların nəticəsində dörd gənc futbolçu Avropa klubları ilə müqavilə imzalayıb. AİK-ə keçən Zadok Yohannadan başqa, daha üç nigeriyalı futbolçunun transferində iştirak etmişik. Onlar karyeralarını Rumıniyanın "Universitatya Kluj" və “Arceş”, eləcə də Yunanıstanın Afina AEK klubunda davam etdirirlər.

– Deməli, hələ yolun başlanğıcındasınız...

– Bəli, biz hələ fəaliyyətimizin başlanğıc mərhələsindəyik, amma artıq Skandinaviya futbolunda transfer rekordu müəyyənləşdirməyə nail olmuşuq (gülür). Ümid edirəm ki, gələcəkdə Azərbaycan klublarının nümayəndələri də bizimlə birlikdə belə skaut turnirlərinə qatılacaqlar.

– Azərbaycan mövzusuna keçməzdən əvvəl bir məqamı dəqiqləşdirmək istərdim. Siz 2020-ci ildə agent fəaliyyətindən yorulduğunuzu demişdiniz. O vaxt niyə belə qərar verdiniz və sizi futbola qayıtmağa nə vadar etdi?

– Mən futbolun içində böyümüşəm. Əvvəlcə atam - SSRİ millisinin heyətində Seul-1988 Olimpiadasının çempionu, hazırda isə “Sabah” klubunun idman direktoru olan İqor Ponomaryov futbol oynayıb. Daha sonra mən futbolçu oldum, karyeramı başa vurduqdan sonra isə agent kimi fəaliyyət göstərməyə başladım.

Bir müddət sonra özümü başqa sahədə sınamaq istədim. Bir müddət İspaniyada daşınmaz əmlak sahəsində çalışdım. Lakin 2024-cü ildə qəti şəkildə anladım ki, futbol mənim həyatımın ayrılmaz hissəsidir. Həmin vaxt ailəmlə birlikdə İspaniyadan İsveçə qayıtdıq və hər şeyə sıfırdan başlamağa məcbur oldum. Öz-özümə düşündüm: ən yaxşı harada faydalı ola bilərəm? Təbii ki, futbolda. Buna görə də yenidən agent fəaliyyətinə qayıtdım.

– Azərbaycanla bağlılığınızı nəzərə alsaq, ölkəmizdə də skaut turnirləri keçirmək barədə düşünməmisiniz?

– Məsələ ondadır ki, Afrika Avropa klubları üçün çox populyar istiqamətdir, çünki orada çoxlu gənc istedad var. Buna görə də klubların nümayəndələrinin getməyə hazır olduqları ölkələrdə işləmək lazım gəlir.

– Sizin kimi şirkətlərin Azərbaycana diqqət yetirməsi üçün nə baş verməlidir?

– Azərbaycanın böyük Avropa klubuna satılmış gənc futbolçu ilə bağlı öz uğur hekayəsi olmalıdır. Baxın, Afrika ölkələrində nə qədər ulduz yetişir. Braziliya və Argentina barədə isə ümumiyyətlə danışmıram. Təəssüf ki, Azərbaycan futbolunun hələlik belə bir hekayəsi və buna uyğun reputasiyası yoxdur.

Ümid edirəm ki, yaxın zamanda Azərbaycanın da belə futbol hekayəsi olacaq. Hələlik bu baş verməyib və buna görə də Avropa klublarını belə tədbirlərdə iştirak etməyə maraqlandırmaq çətindir.

– Perspektivli azərbaycanlı futbolçuları baxışa dəvət edirsinizmi?

– Bəli. Məsələn, ötən il Azərbaycanın U-20 millisinin üzvü olan “Sabah”ın futbolçusu Şahin İbrahimovu AİK-də baxışa dəvət etmişdik.

Müəyyən çətinlik yaradan məqamlardan biri Azərbaycanın Avropa İttifaqına daxil olmamasıdır. Bu isə klub üçün əlavə maliyyə xərcləri yaradır. Azərbaycandan və ya Aİ-yə daxil olmayan istənilən ölkədən olan futbolçu yerli oyunçulardan o qədər üstün olmalıdır ki, klub onun transferinə sərmayə qoymağa hazır olsun.

Nigeriyalı futbolçuların da Avropa İttifaqı pasportları yoxdur. Lakin İsveç klublarının onlarla işləmək təcrübəsi var. Onlar bu futbolçuların mentalitetini yaxşı tanıyırlar və bilirlər ki, afrikalı oyunçu gələcəkdə güclü peşəkar səviyyəsinə yüksələ və daha sonra sərfəli qiymətə satıla bilər.

– Bəs Şahin İbrahimovla bağlı vəziyyət necə nəticələndi?

– O, AİK nümayəndələrinin xoşuna gəlmişdi. Amma ötən il onların müəyyən tərəddüdləri var idi və klub onun transferini təxirə salmağa qərar verdi. Əgər Şahin bu il baxışa gəlsəydi, düşünürəm ki, onu heyətə qatardılar. Çünki son bir ildə çox ciddi inkişaf edib. Hesab edirəm ki, əvvəlcə Azərbaycanda öz sözünü deyəcək, sonra isə biz ona yaxşı xarici kluba keçməkdə kömək edə biləcəyik.

– Azərbaycanın aparıcı Avropa klublarında çıxış edə biləcək istedadlar yetişdirməsi üçün nə etmək lazımdır?

– Düşünürəm ki, Mərakeşdən nümunə götürmək olar. Orada kral müxtəlif yaş qruplarından ibarət millilər üçün böyük baza tikdirib. Futbolçular həmin bazada yaşayır və inkişaf edirlər. Onlar üçün çox yaxşı şərait yaradılıb.

Ən vacibi isə odur ki, mərakeşlilər gənc futbolçularla işləmək üçün güclü məşqçilər dəvət ediblər. Məhz uşaqlar və yeniyetmələrlə keyfiyyətli iş gələcəkdə böyüklər səviyyəsində nəticə verir.

– Atanızın çalışdığı klub ötən mövsüm Premyer Liqanı və Azərbaycan Kubokunu qazanaraq qızıl dubl etdi. “Sabah”ın uğurlarını necə qiymətləndirirsiniz?

– Bu, möhtəşəmdir! Klub belə nəticələr əldə etmək üçün çox böyük iş görüb. Ümid edirəm ki, bu, yalnız başlanğıcdır və “Sabah” gələcəkdə də “Qarabağ”a layiqli rəqabət göstərəcək. Bakı təmsilçisinin uğuru mənim üçün gözlənilməz olmadı. Mən orada hansı işlərin görüldüyünü və qələbə üçün nə qədər zəhmət çəkildiyini yaxşı bilirəm.

– Atanızı dərhal təbrik etdiniz?

– Əlbəttə (gülür). Klub rəhbərliyindən tutmuş məşqçilər korpusuna qədər hamını təbrik etdim.

– “Sabah” növbəti mövsümdə çempionluğunu qoruya biləcək?

– Düşünmürəm ki, bu, asan olacaq. Əksinə, yeni mövsümdə daha çətin olacaq, çünki rəqabət güclənəcək. “Neftçi” daha yaxşı oynamağa başlayıb, “Turan Tovu” da özünü yaxşı tərəfdən göstərdi. Bundan başqa, “Qarabağ”ı da unutmaq olmaz.

– “Sabah”dan Çempionlar Liqasının təsnifat mərhələsində nə gözləyirsiniz? Komanda turnirin əsas mərhələsinə yüksələ biləcəkmi?

– Bunu demək çox çətindir. Ümid edək ki, bəxt komandanın tərəfində olacaq və onlar əsas mərhələyə yüksələ biləcəklər. Azarkeşlər üçün də klubun avrokubokların əsas mərhələsində çıxış etməsi həmişə daha maraqlıdır.

– Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı oyununu necə qiymətləndirirsiniz?

– Ağdam təmsilçisi ötən mövsüm Çempionlar Liqasında çox güclü çıxış etdi. Təəssüf ki, yalnız “Nyukasl”a qarşı son oyun uğursuz alındı. Mənim fikrimcə, həmin dövrdə “Qarabağ”da kiçik oyun enişi yaşanırdı. Uzun mövsüm ərzində bu, istənilən komandanın başına gələ bilər.

– Azərbaycan millisinin oyunlarını izləyirsiniz?

– Düzünü desəm, son vaxtlar buna vaxt tapa bilmirdim. Biz artıq maraqlarını təmsil etdiyimiz futbolçuların oyunlarını izləməli, eyni zamanda müqavilə bağlamaq istədiyimiz oyunçuları da nəzarətdə saxlamalıyıq. Buna görə də boş vaxt çox az qalır.

– Azərbaycan millisi iyunda iki yoldaşlıq oyunu keçirdi. Əvvəlcə Maltaya 0:2 hesabı ilə uduzdu, sonra isə San-Marinonu 2:1 hesabı ilə məğlub etdi. Bu nəticələri necə qiymətləndirirsiniz?

– Bununla bağlı nəsə demək çox çətindir. Əgər söhbət yüksək səviyyəli rəqiblərdən getsəydi, müəyyən nəticələr çıxarmaq olardı. Amma söhbət İngiltərə və ya Portuqaliyadan yox, Malta və San-Marino millilərindən gedir. Buna görə də hazırda yaxşı nəsə deyə bilmirəm. Ümid edirəm ki, nə vaxtsa belə bir imkanım olacaq.

– Dünya çempionatını izləyirsiniz?

– Bəli, əlbəttə.

– Düşünürəm ki, turnirin əvvəlində hansı komandaya azarkeşlik etdiyinizi soruşmağa ehtiyac yoxdur...

– Təbii ki, İsveçə azarkeşlik edirdim. Bununla yanaşı hesab edirəm ki, Norveç böyük sürpriz edə bilər. Onların çox güclü komandası var. Təəssüf ki, dünya çempionatının oyunları gecə saatlarında keçirilir. Buna görə də ertəsi gün tamamilə korlanmış olur.

Yadımdadır, 1994-cü ildə, mənim 12 yaşım olanda dünya çempionatı da ABŞ-də keçirilirdi. Həmin vaxt turnirin oyunları gündüz saatlarında televiziya ilə təkrar yayımlanırdı. O zaman internet yox idi və insanlar indiki kimi hesabı dərhal öyrənə bilmirdilər. Bu gün isə tamamilə başqa dünyada yaşayırıq – telefonu açmaq kifayətdir ki, bütün məlumatları əldə edəsən və vurulan qolları izləyəsən.

Yeri gəlmişkən, builki dünya çempionatı ərəfəsində İsveçdə hətta yerli vaxtın yeddi saat geri çəkilməsi ilə bağlı petisiya da hazırlanmışdı ki, insanlar oyunlara daha rahat baxa bilsinlər (gülür). Nəticədə təxminən 200 min imza toplandı, amma təbii ki, saat dəyişdirilmədi. Ola bilsin ki, İsveç millisi finala yüksəlsəydi, onda vaxtı dəyişərdilər (gülümsəyir).

– Proqnozunuz necədir: dünya çempionu kim olacaq?

– Düşünürəm ki, finalda Fransa və Argentina qarşılaşacaq, sonda isə dünya çempionu Fransa olacaq.

İdman.Biz
Məqalədə: