“Çətin oyun oldu. Çox yaxşı komandaya qarşı oynadıq”.
Bu sözləri İslandiyanın “Vestri” komandasının qapıçısı Marvin Steynarsson UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları ilk oyun barədə danışarkən deyib.
25 yaşlı qolkiper oyunun böyük hissəsində yaxşı müdafiə olunduqlarını və Ağdam klubunun işini çətinləşdirdiklərini bildirib.
“Düşünürəm ki, çıxışımızla fəxr edə bilərik. Amma bu, mübarizənin yalnız ilk hissəsidir. Qarşıda cavab oyunu var və biz yenidən qarşılaşacağıq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
İslandiyalı qapıçı “Qarabağ” haqqında da fikirlərini bölüşüb:
“Əlbəttə, “Qarabağ” çox güclü komandadır. Heyətində yüksəksəviyyəli futbolçular var, baş məşqçisi də çox yaxşı mütəxəssisdir. Onlar həqiqətən yaxşı oyun keçirdilər. Stadionda möhtəşəm atmosfer var idi, azarkeşlər komandalarını əla dəstəkləyirdilər. Belə şəraitdə oynamaq həmişə çətindir. Biz də əlimizdən gələni etməyə çalışdıq və düşünürəm ki, bunu bacardıq. Çıxışımızla fəxr edə bilərik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.
