Almaniyanın “Volfsburq” futbol komandasının yarımmüdafiəçisi Kristian Eriksen yaşadığı səhhət problemindən sonra karyerasını başa vurmaq niyyətində deyil.
İdman.Biz xəbər verir ki, danimarkalı futbolçu reabilitasiya prosesini vətənində davam etdirəcək. “Volfsburq” rəhbərliyi oyunçunun özü və tibbi heyəti ilə mütəmadi əlaqədə olacaq.
Eriksen iyunun 7-də Danimarka millisinin Ukrayna ilə keçirdiyi yoldaşlıq görüşünün 65-ci dəqiqəsində meydanda yıxılıb. O, qısa müddət sonra yeriyərək meydanı tərk edib və müayinə üçün xəstəxanaya aparılıb.
34 yaşlı futbolçu hadisənin 2021-ci ildə Finlandiya ilə matçda keçirdiyi ürəktutmadan fərqli olduğunu bildirib. Onun sözlərinə görə, bədəninə yerləşdirilən implantasiya olunan kardioverter-defibrilyator ürək ritmindəki pozuntunu müəyyənləşdirərək nəzərdə tutulduğu qaydada işə düşüb. Buna görə sosial şəbəkələrdə yayılan “ikinci dəfə ürəyi dayanıb” məlumatı doğru deyil.
Eriksenin “Volfsburq”la 2027-ci ilin yayına qədər müqaviləsi var. Lakin onun meydana qayıdacağı tarix və növbəti mövsümdə iştirak edib-etməyəcəyi hələ rəsmi şəkildə açıqlanmayıb. Klub yalnız fərdi reabilitasiya proqramının başlanacağını təsdiqləyib.
