Qurban Qurbanov: “Qarşımızda yaxşı müdafiə olunan komanda var idi”

9 İyul 2026 22:41
113
Qurban Qurbanov: “Qarşımızda yaxşı müdafiə olunan komanda var idi”

“Azarkeşlərə təşəkkür edirəm. Stadion demək olar ki, dolu idi. İlk oyundan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin bizdən gözləntisi çoxdur. Bu həm məsuliyyətdir, həm də əlavə motivasiyadır. Mən bunu oyunçularıma da bildirdim və hər birinə çox təşəkkür edirəm”.

İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Vestri” ilə oyundan sonra deyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Bakıda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.

“İlk oyun idi. Qalibiyyət vacib idi. Bir az narahatlığım var idi ümumi oyun planında. Oyunçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında bir az yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra oyunun dinamikası artmağa başladı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Bizi yaxşı analiz etmişdilər. Hesab onu göstərir ki, cavab oyununda daha məsuliyyətli olmalıyıq və hazırlığımızı daha da yaxşılaşdırmalıyıq. İnanıram ki, bu oyunun belə gərgin keçməsi bizim xeyrimizə olacaq”, o bildirib.

Qurbanov klubda hansı mövqelər üçün yeni oyunçu axtardıqlarını da bildirib: “Hazırda qapıçı mövqeyindən başqa digər mövqelər üçün oyunçu axtarırıq. Danışıqlar gedir”.

Komandaların cavab görüşü bir həftədən sonra İslandiyada olacaq.

İslam Atakişiyev

İdman.Biz