Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” komandasının dünənki məşqində iştirak etməyib.
İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən bildirir.
Məlumata görə, oyunçu iyunun əvvəlində yığma ilə təlim-məşq toplanışında olduğundan məşqçilərin icazəsi ilə 2-ci Bundesliqa təmsilçisinin hazırlıq prosesinə gələn həftə qoşulacaq.
Klubun idman direktoru Marsel Klos öz növbəsində Emrelinin “Kayzerslautern”dən ayrılması barədə xəbərlərə reaksiya verib. İdman direktoru Emreli barədə digər klubların təkliflərinə açıq olduqlarını qeyd edib.
“Nəticə etibarilə, Mahir klubumuzla müqaviləsi olan oyunçudur və əlbəttə ki, onu çox yaxşı tanıdığım üçün başa düşürəm ki, o, əlindən gələni edəcək. Hamımız gördük ki, ötən mövsüm uğursuz oldu və Mahir də bunu bilir. Əgər fürsət yaranarsa və o, “yaxşı, bu, yaxşı bir layihə ola bilər” deyə düşünərsə, təbii ki, müzakirələrə açığıq. Amma bir şey aydındır: biz Mahirdən asanlıqla əl çəkməyəcəyik. Bu, iştirak edən hər kəs üçün düzgün qərar olmalıdır”, - o deyib.
Klos “Kayzerslautern”in Emreliyə dair danışıqlara açıq olduğundan futbolçunun da xəbəri olduğunu vurğulayıb. O, Emrelinin başqa klub axtarmasının məntiqli olduğunu qeyd edib:
“Bəli, onlar (Mahir və agenti) ötən ili və oyun vaxtının miqdarını nəzərə alaraq, başqa variantlar axtarmalı olduqlarını başa düşəcək qədər peşəkardırlar və inanıram ki, artıq bunu edirlər”.
Ötən mövsüm Emreli klubda cəmi 336 dəqiqə oyun vaxtı keçirib.
