“Karvan-Yevlax” klubu köhnə meydançanın inşa işlərini ilin sonunadək bitirəcək.
İdman.Biz bildirir ki, bu barədə AZƏRTAC-a bölgə təmsilçisinin icraçı direktoru Elvin Əjdərli məlumat verib.
“Təbii örtüklü meydança təxminən 2000 nəfər üçün nəzərdə tutulur. Məqsədimiz ilin sonunadək tikinti işlərini başa çatdırmaqdır. Bildiyiniz kimi, bəzən hava şəraiti də işlərin ləngiməsinə səbəb olur. Həmin arenada rəsmi oyunları da qəbul edə biləcəyik”, - o deyib.
Klub rəsmisi yeni mövsümlə bağlı hədəflərdən də danışıb. O bildirib ki, komanda I Liqada da Premyer Liqa səviyyəsinə uyğun kollektiv formalaşdırmağa çalışacaq.
“Əlbəttə ki, əsas hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır”,- deyə E.Əjdərli vurğulayıb.
Qeyd edək ki, “Karvan-Yevlax” 2000-ci illərin əvvələrində həmin meydançada rəsmi oyunlar keçirib.
