Ayaz Quliyev: “Əgər bu çatışmazlığı aradan qaldırsaq…”

Xəbərlər
13 Yanvar 2024 23:57
212
Ayaz Quliyev: “Əgər bu çatışmazlığı aradan qaldırsaq…”

“Təlim-məşq toplanışı normal keçir. Hazırlıq müddəti elə də uzun deyil, lakin müəyyən yükləmələr olur”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Ayaz Quliyev deyib.

Antalyada hazırlıq keçən komandanın yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasının ilk iki dövrəsi barədə danışıb. O, buraxılan səhvləri vurğulayaraq, bu çatışmazlığın aradan qaldırılmasının vacibliyini qeyd edib: “Artıq təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyunu keçirmişik. Sabah növbəti oyunda meydana çıxacağıq. İlk qarşılaşmada hamı əlindən gələni etdi. Yoldaşlıq görüşü olsa da, futbol üçün darıxdığımız görünürdü. Hamı meydanda əlindən gələni etdi, istək və arzu hiss olunurdu. Oyun keyfiyyəti baxımından, məncə, yaxşı təsir bağışladıq. Qələbə qazanmaq həmişə xoşdur. Əgər bəsit qollar buraxmaqla bağlı səhvləri aradan qaldırsaq, hər şey daha yaxşı olacaq. Rəqiblərin düşünülmüş, kombinasiyalı hücumundan çox az qol buraxmışıq. Öz səhvlərimizdən çox qol buraxmışıq. Düşünürəm, bu, bizim əsas problemimizdir. Ola bilər bu, konsentrasiya ilə bağlıdır. Hər bir futbolçu 90 dəqiqə ərzinddə oyuna maksimum köklənməlidir. Əgər bu çatışmazlığı aradan qaldırsaq, itirilən xallar minimuma enəcək”.

Qeyd edək ki, “Sabah” qış fasiləsinə 8-ci pillədə yollanıb.

İdman.biz