Marko Yankoviç “Qarabağ”ı tərk edir? - Klubdan İdman.Biz-ə AÇIQLAMA

22 İyun 2026 11:51
128
Marko Yankoviç “Qarabağ”ı tərk edir? - Klubdan İdman.Biz-ə AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan iddialara görə, “Qarabağ” futbol klubunun monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazandığı bildirilən “Çorum” klubuna transfer olunub.

İddialarda qeyd olunur ki, tərəflər arasında 2+1 illik müqavilə imzalanıb. Həmçinin futbolçunun “Qarabağ”ın “Zirə” ilə keçirdiyi yoxlama oyununda (4:3) iştirak etməməsinin də bu transfer prosesi ilə bağlı olduğu vurğulanır.

Məsələ ilə bağlı İdman.Biz “Qarabağ” futbol klubunun mətbuat xidmətinə sorğu ünvanlayıb.

“Transfer məsələsi ilə bağlı hər hansı yenilik və ya rəsmi qərar olacağı təqdirdə, bu barədə məlumat klub tərəfindən rəsmi qaydada ictimaiyyətə açıqlanacaq”, - deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, Monteneqro millisinin üzvü olan və Serbiya vətəndaşlığına da malik Marko Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm Ağdam təmsilçisinin heyətində 44 oyunda meydana çıxaraq beş qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin “Hapoel” (Təl-Əviv) klubundan “Qarabağ”a qoşulub.

İdman.Biz