2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edərək Birinci Liqada mübarizə aparan “Səbail” yeni mövsümə böyük dəyişikliklərlə hazırlaşır. Klub rəhbərliyinin əsas hədəfi elitaya qayıdış və çempionluq olduğu bir vaxtda komandanın sükanı Elnur Abdullayevə həvalə edilib.
Təcrübəli mütəxəssis qarşıdakı planlar, formalaşdırılacaq heyət, transfer siyasəti və futbol fəlsəfəsi ilə bağlı sualları İdman.Biz-in müsahibəsində cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
– İlk növbədə, “Səbail”in baş məşqçisi təyin olunmağınız münasibətilə təbrik edirik. Bu təklif sizə gələndə ilk reaksiyanız necə oldu?
– Təbrikə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar”la yollarımı ayırdıqdan sonra bu barədə xəbərlər mətbuatda da yayıldı. Bundan bir neçə gün sonra bir neçə klubdan təklif aldım. Həmin təkliflər arasında “Səbail” də var idi.
Klubun yeni rəhbərliyi məni görüşə dəvət etdi. “Səbail”in yeni prezidenti Mirzə Bayrampurla görüşdük. O, mənə güvəndiyini və bu yolda mənimlə davam etmək istədiklərini bildirdi. Qarşıya qoyulan əsas hədəfin çempionluq olduğunu söylədilər. Onlar öz şərtlərini, mən isə öz tələblərimi irəli sürdüm və qarşılıqlı razılıq əldə etdik.
Mənə göstərilən etimada görə Mirzə müəllimə təşəkkürümü bildirirəm. Qarşımızda məsuliyyətli və çətin bir yol var. Futbolçularımıza, məşqçilər heyətinə və rəhbərliyə uğurlar arzulayıram. İnşallah, bu missiyanın öhdəsindən layiqincə gələrik.
– Komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? İlk təəssüratlarınız nədən ibarətdir?
– Komanda, demək olar ki, sıfırdan formalaşdırılacaq. Heyətdə həm təcrübəli futbolçular, həm gənclər, həm də legionerlər yer alacaq. Hazırda transfer istiqamətində işlər davam edir. Futbolçuları izləyir, seçimlər aparırıq. Ümid edirəm ki, düzgün seçimlər edərək güclü kollektiv formalaşdıra biləcəyik.
– Heyətdə diqqətinizi çəkən əsas məqamlar hansılardır? Komandanın güclü və inkişaf etdirilməli tərəflərini necə görürsünüz? Həmçinin komandaya hansı futbol fəlsəfəsini aşılamağı planlaşdırırsınız?
– Futbol fəlsəfəm müasir futbola əsaslanır. Daha çox üçlü müdafiə sisteminə üstünlük verirəm. Xüsusilə 3-5-2 və 3-4-3 sxemləri mənə daha yaxındır. Çalışıram ki, komandaya da bu sistemlərə uyğun futbolçular cəlb edim.
Müasir futbolda sürət, güc və texnika əsas amillərdir. Məqsədim heyətin imkanlarına uyğun, baxımlı və dominant futbol oynatmaqdır. Bir məşqçi kimi istəyim budur və inanıram ki, buna nail ola bilərik.
– Gənc futbolçuların inkişafı və onlara şans verilməsi məsələsində yanaşmanız necədir?
– Komandada gənc futbolçular da olacaq. Ötən mövsüm də əsas üstünlüyü gənclərə vermişdim və yaxşı nəticələr əldə etdik. Bu dəfə də gənc futbolçulara şans veriləcək.
Ancaq onu da qeyd etməliyəm ki, bizi çox çətin mövsüm gözləyir. Çempionluq uğrunda mübarizə aparan komandaya qarşı bütün rəqiblər xüsusi motivasiya ilə çıxış edirlər. Bu liqada çalışdığım üçün bunun nə qədər çətin olduğunu yaxşı bilirəm. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, qarşımıza qoyulan məqsədlərə çataq.
