“Zirə”də hər mövsüm hədəflər yüksək olur. Çempionatda rəqabətin daha da artacağını bilirik”.
İdman.Biz bildirir ki, bunu yeni mövsüm öncəsi “qartallar”ın qapıçısı Aydın Bayramov bildirib.
Qolkiper offsideplus.az-a müsahibəsində komandada yeri uğrunda rəqabətdən çəkinmədiyini bildirib: “Məni rəqabət narahat etmir. Rəqabət futbolun bir hissəsidir və mən bunu normal qarşılayıram. Əksinə, komandada keyfiyyətli qapıçıların olması həm mənim, həm də komandanın inkişafına kömək edir. Mən öz üzərimdə çalışmalı və əsas heyətdə oynamağa layiq olduğumu göstərməliyəm. Kim daha yaxşı vəziyyətdədirsə, o da oynamalıdır.
Mənim “Zirə” ilə müqaviləm var və burada özümü yaxşı hiss edirəm. Klub mənə güvənir, mən də bu etimadı doğrultmaq istəyirəm. Hazırda bütün diqqətimi “Zirə”yə və yeni mövsümə yönəltmişəm”.
Bayramov yeni mövsümdəki rəqabətə də toxunub: “Zirə”də hər mövsüm hədəflər yüksək olur. Çempionatda rəqabətin daha da artacağını bilirik. Amma bizim üçün əsas məsələ öz oyunumuzu göstərmək, hər matça maksimum köklənmək və mümkün qədər çox xal toplamaqdır. Avrokuboklara vəsiqə qazanmaq bizim əsas hədəflərimizdən biridir. Bununla yanaşı, daha yüksək yerlər uğrunda da mübarizə aparmaq istəyirik.
Şəxsən mənim əsas istəyim daha çox oynamaq, komandaya fayda vermək və özümü ən yaxşı formada göstərməkdir. Ötən mövsümdən də müəyyən nəticələr çıxarmışam. Yeni mövsümdə daha inamlı, daha stabil və daha çox oyun təcrübəsi olan qapıçı olmaq istəyirəm. Ən əsası isə “Zirə”nin qarşısına qoyduğu hədəflərə çatmasına kömək etməkdir”.
Qapıçı milli komandada oynamaq perspektivinə də toxunub: “Milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Əlbəttə, dəvət almaq istəyirəm və bunun üçün çalışıram. Amma son qərarı məşqçilər korpusu verir. Mənim işim klubumda yaxşı çıxış etmək, stabil oynamaq və özümü hər oyunda göstərməkdir. Yaxşı performans nümayiş etdirərəmsə, milli komandaya dəvət alacağıma inanıram”.
