“Hazırkı vəziyyətdə Azərbaycanda bu yaş qruplarında gənc futbolçuların sayı elə də çox deyil”.
Bunu “Sabah-2” futbol klubunun baş məşqçisi Adino Mustedanaqiç offsideplus.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Əvvəlcə çempionluq münasibətilə təbrik edirəm. Ardıcıl ikinci mövsümdür qalib olursunuz. Hansı hissləri keçirirsiniz?
– Çempion olmaq hər zaman xoşdur. Xüsusilə də futbolçuların göstərdiyi zəhmətin bəhrəsini gördükdə bu, daha böyük sevinc hissi yaradır.
– Komandanız çempion olmaqla yanaşı, həm də çempionatın ən çox qol vuran və ən az qol buraxan kollektivi oldu…
– Bu, bir daha çempionluğu tam olaraq haqq etdiyimizi göstərir.
– Ramil Nuraxmedov çempionatın böyük hissəsində yeganə bombardir idi, lakin son turlarda bu mövqeyini əldən verdi. Bu durum ona psixoloji cəhətdən mənfi təsir göstərmədi?
– Ramil mütləq qalib gəlməli olduğumuz final oyununun əvvəlində qırmızı vərəqə aldı. Onun bu hərəkəti komandanı bir qədər çətin vəziyyətdə qoymuşdu. Bununla o, nəinki bombardir olmaq imkanını, həmçinin komandamızın çempionluq şansını da təhlükəyə atdı. Ramil gənc futbolçudur. Bəzən diqqətini əhəmiyyətsiz məsələlərə yönəldir ki, bu da onun çıxışına mənfi təsir göstərir. Onun kifayət qədər potensialı var. Fikrimcə, o, soyuqqanlılığını qorumağa çalışsa, diqqətini kənar faktorlara yox, komandaya və öz vəzifələrinə yönəltsə, gələcəkdə rahatlıqla bombardir adını da qazanar.
– Sizin üçün ən ağır oyun hansı oldu?
– Birini seçmək çətindir. Təbii ki, ilk olaraq uduzduğumuz oyunlar ağlıma gəlir, amma eyni zamanda turnir cədvəlinin alt sıralarında yer alan komandalara qarşı zəif çıxış etdiyimiz bəzi qarşılaşmalar da oldu.
– Camal Cəfərov və Rauf Rüstəmli kimi futbolçularınız bu mövsüm Premyer Liqada da yaxşı oyun nümayiş etdirdilər. Demək olarmı ki, “Sabah-2” elitada mübarizə aparsaydı, sonuncu pillədə qərarlaşmazdı?
– Düzü, Premyer Liqa ilə Əvəzedicilər Liqası arasında böyük fərq var. Buna görə də belə bir müqayisə aparmaq çox çətindir.
– Əvəzedicilər Liqasının ləğv olunma ehtimalı var. Sizcə, bu liqanın taleyi necə olmalıdır və onun Azərbaycan futboluna nə qədər xeyri dəyir?
– Hazırkı vəziyyətdə Azərbaycanda bu yaş qruplarında gənc futbolçuların sayı elə də çox deyil. Üstəlik, gələn il Bakıda U-20 dünya çempionatı keçiriləcək. Düşünürəm ki, əvəzedici komandalardan bəziləri I Liqada, bəziləri isə II Liqada çıxış etsə, bu, futbolçuların oyun təcrübəsi qazanması baxımından daha faydalı olar.
– Sizi bu mövsüm əsas komandanın oyunlarında da görürdük. Xəyal Əliyevin və digər akademiya üzvlərinin performansı barədə nə deyə bilərsiniz? Xəyal hücumçu qıtlığında komandaya ciddi xeyir verdi...
– Xəyal son bir neçə ildə bir fərd kimi çox yetkinləşdi. O, mental cəhətdən daha da gücləndi və baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında taktiki baxımdan inkişaf etdi. Bu da onun möhtəşəm mövsüm keçirməsi ilə nəticələnib.
– “Sabah” klubu bu mövsüm müxtəlif yaş qrupları üzrə bir neçə birincilikdə çempionluq yaşadı. Klubda çalışan bir məşqçi kimi deyil, sadəcə bir futbol mütəxəssisi kimi bu strategiyanı və görülən işləri necə dəyərləndirirsiniz?
– “Sabah”ın uğuru təkcə əsas komandanın ölkə çempionu olması və ölkə kubokunu qazanması ilə məhdudlaşmır. Fikrimcə, son illərdə “Sabah” struktur baxımından da irəliyə doğru mühüm addımlar atıb. Əsas komanda ilə əvəzedici heyət arasında, həmçinin əvəzedici komanda ilə U-19 və akademiya arasında əlaqə daha da güclənib. İndi istedadlı gənclərin, özlərini inkişaf etdirdikləri təqdirdə, əsas komandaya yüksəlməsi üçün daha aydın bir yol var. Akademiyanın əsas strategiyası titullar qazanmaq deyil. Bu titullar komanda və fərdi səviyyədə futbolçuların inkişafının nəticəsi kimi ortaya çıxır. U-19 və əvəzedici komandada biz futbolçulara qalib psixologiyası aşılayırıq, çünki onların bunu öyrənməsi və əsas komandada da onlardan bunun tələb olunacağını bilməsi vacibdir. Lakin U-17-yə qədər biz inkişafı ön planda tutmaqla, sadəcə qələbə üçün futbol oynayırıq.
