“Hər şey qaydasındadır və plana uyğun gedir”.
İdman.biz xəbər verir ki, bunu Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin futbolçusu Azər Salahlı deyib.
29 yaşlı müdafiəçi fasilədə ölkə xaricindəki hazırlıqlarını dəyərləndirib. O klubunun televiziyasında bildirib ki, “Erzurumspor”a qarşı ilk yoldaşlıq matçı (1:3) komandası üçün faydalı olacaq: “Nəticə vacib olmasa da, baş məşqçinin futbolçuları tanıması üçün yaxşı bir fürsət idi. Çempionatın ikinci dövrəsinə hazırlaşmaq üçün vaxtımız azdır. Maksimum çalışırıq ki, “Sabah”la oyuna qədər yaxşı səviyyədə olaq”.
Salahlının sözlərinə görə, yeni baş məşqçi Miodraq Bojoviçin onu hansı mövqedə oynadacağının heç bir fərqi yoxdur: “Baş məşqçi harada uyğun görsə, orda da oynamağa çalışacağam. İstər mərkəz, istər sol cinah müdafiəçi kimi oynamaq mənim üçün fərq etmir. Əgər komandaya kömək edə biləcəmsə, hər bir mövqedə oynamağa hazıram”.
Qeyd edək ki, “Neftçi”nin Antaliya toplanışı yanvarın 14-də yekunlaşacaq.
İdman.biz
