“Sabah”ın “Zirə” ilə matçda vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi”.
İdman.Biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”a qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.
“Oyuna yaxşı başlamışdıq. Qoldan sonra 30-35 dəqiqə etibarlı müdafiə olunduq. Ardınca qapıçımız yaxşı seyvlə yadda qaldı. Təəssüf ki, ardınca rəqib 2 qol vurdu. Əslində, ikinci hissəyə də yaxşı başlamışdıq. İkinci yarının əvvələrində rəqibə qol imkanı tanımırdıq. Lakin rəqib komanda fantastik qolla hesabı bərabərləşdirdi. Ardınca “Sabah” əks-hücum zamanı ikinci dəfə fərqlənməyi bacardı. “Sabah”ın vurduğu hər iki qol ustalıq səviyyəsinin göstəricisi idi”, - Sadıqov bildirib.
O, çempionatda Konfrans Liqasına düşmək üçün mübarizəni davam etdirəcəklərini deyib.
“Turnir cədvəlində dördüncü sıraya yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Əsas rəqibimiz “Neftçi” bizdən 3 xal öndədir. Çempionatın bitməsinə 2 tur qalıb. İnanırıq ki, sona qədər döyüşüb, bir üst pilləyə qalxa biləcəyik”.
Azərbaycan Kubokunun finalında “Sabah” – “Zirə” matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
