Bəhlul Mustafazadə Çin transferindən niyə imtina etdi? - Atası detalları AÇIQLADI

17 Aprel 2026 11:53
195
Bəhlul Mustafazadə Çin transferindən niyə imtina etdi? - Atası detalları AÇIQLADI

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Çinə getmədiyinə görə məyus deyil.

Bu barədə müdafiəçinin atası Ələmdər Mustafayev deyib.

O bildirib ki, “Şençjen Penq Siti”nin təklifini rədd etməsi və “Nyukasl”la oyunda zədə almasına görə Bəhlul qərarından peşman deyil.

“Baş verən hadisəyə görə təəssüflənməyə dəyməz. Heç mən də təəssüflənmirəm. Əslində düzgün qərar idi. Lazım olan anda “Qarabağ”da olmalı idi və oldu”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Futbolçunun atası həmçinin onun bərpa prosesi barədə də danışıb: “Sağlamlıq durumu yaxşılaşmağa doğru gedir. Hazırda həkim nəzarəti altında bərpa məşqlərində iştirak edir. Əhval-ruhiyyəsi yaxşıdır. Komanda ilə məşqlərə həkim rəyindən sonra qatılacaq. Daim yanında olmasam da, hər şeydən xəbərdaram. Futbolsuz qalmaq hər futbolçu üçün çətindir. Komandadan ayrı qalması onu narahat edir”.

Ələmdar Mustafayev Bəhlulun yoxluğunda “Qarabağ”ın büdrəməsinə də münasibət bildirib: “Qarabağ”ın çempionluğu əldən verdiyini düşünmək olar. Amma son ana qədər hər şey mümkündür. Təbii ki, doğma komandasıdır, vəziyyətə görə Bəhlul da təəssüflənir”.

Qeyd edək ki, Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunun 22-ci dəqiqəsində (1:6) zədələnmişdi. Müdafiəçidə sol budun adduktor əzələləri və qasıq nahiyəsində zədə aşkarlanıb.

İdman.Biz