“Qarabağ”ın geridönüş etməsi mümkünsüz deyil, ola bilər”.
Bunu Azərbaycan yığmasının keçmiş üzvü Mahmud Qurbanov deyib.
O, futbolda hər şeyin mümkün olduğunu bildirib.
“Qarabağ” çempionluq yarışında lazımsız xallar itirdi və bu da onların yarışdan bir qədər qopmasına gətirib çıxardı. Amma futbolda hər şey mümkündür.
Lakin inanmıram ki, “Sabah” bu şansı əldən versin. Bunun üçün Ağdam təmsilçisi qalan oyunlarda qələbə qazanmalıdır, “Sabah” isə xallar itirməlidir. Hələ ki, çempion rəsmiləşməyib.
“Bayquşlar” inamlı və maraqlı futbol oynayır, komanda stabil irəliləyir. Öz məqsədlərini və nə üçün oynadıqlarını anlayırlar, yaxşı oynayırlar, nəticələri də yaxşıdır. “Sabah”ın “Qarabağ”la oyunları da maraqlı keçir”, - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.
O, “Neftçi”nin yavaş-yavaş özünə gəldiyini düşünür:
“Neftçi”nin ilk 4-lüyə yaxınlaşma şansı var. Stabilliyi qorusalar, avrokuboklar olmasa da, 4-cü yer üçün oynaya bilərlər. Ola bilər ki, bu formada da avrokuboklara yollandılar. Qarşıda oyunlar var, rəqiblərində büdrəməsini gözləməlidirlər, amma əsas öz oyunlarına fokuslanmalıdırlar”.
M. Qurbanov Premyer Liqanı tərk edən komandanın isə artıq bəlli olduğunu da söyləyib:
“Düşmə zonasında “Karvan-Yevlax”ın işi daha çətindi, belə görünür onlar oradan çıxa bilməyəcəklər.
Liqanı tərk edəcək digər komandanın hansı olacağı bir qədər sual altındadır. ”Qəbələ”, “Kəpəz” ya da “İmişli” hər üçü pley:off oynamağa yaxındır amma “Karvan-Yevlax”ın liqada qalması artıq real görünmür”.
