Birinci Liqanın 20-ci turu maraqlı və gərgin oyunlara səhnə olacaq. Lider “Şəfa” iddialı “Mingəçevir”lə səfər matçına çıxacaqsa, üçüncü sıradakı “Səbail” ikinci pillədəki “Baku Sportinq”i qəbul edəcək. “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “işıqçılar”la dueldən nə gözlədiyini açıqlayıb.
“Önümüzdəki üç turda çətin oyunlarımız var. Bizi ağır qrafik gözləyir. İddialı komandalara qarşı oyunlardan üzüağ çıxacağımız təqdirdə, çempionluğun biraddımlığında olacağımızın fərqindəyik. Buna görə də oyunlara maksimum yaxşı hazırlaşmağa çalışırıq. Mingəçevir səfəri hər zaman ağır olsa da, komandamıza çox inanıram. Son dörd oyunda qalib gəlməyimiz futbolçularımızda əlavə ruh yuksəkliyi yaradıb. Çalişacağıq ki, qələbə qazanaraq azarkeşlərimizi sevindirə bilək”, - deyə o, fanat.az-a açıqlamasında bildirib.
Turnir cədvəlinin zirvəsində qərarlaşan “Şəfa”nın 45, dördüncü yerdəki “Mingəçevir”in isə 33 xalı var.
