“Ayrılan vəsait hara xərclənir?” ittihamına “Sumqayıt” FK-dan İDMAN.BİZ-ə AÇIQLAMA

6 Mart 2026 15:11
163
“Ayrılan vəsait hara xərclənir?” ittihamına “Sumqayıt” FK-dan İDMAN.BİZ-ə AÇIQLAMA

“Sumqayıt” Futbol Klubunun azarkeşləri sosial şəbəkədə komandanın son illərdəki çıxışını sərt tənqid edərək, nəticələrdən narazı olduqlarını bildiriblər. Onlar “Ayrılan vəsait hara xərclənir?” sualını səsləndirərək, klub rəhbərliyini maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı ictimaiyyətə daha açıq və şəffaf məlumat verməyə çağırıblar.

Azarkeşlər həmçinin qeyd ediblər ki, klubda illərdir eyni problemlər qalmaqdadır və transfer siyasəti də onları qane etmir.

Məsələ ilə bağlı İdman.Biz “Sumqayıt” Futbol Klubundan açıqlama alıb.

Klubdan bildirilib ki, maliyyə hesabatı açıqdı və istənilən şəxs onu saytdan görə bilər:

“Klubun maliyyə hesabatı ildə bir dəfə açıq şəkildə yayımlanır, AFFA və UEFA-ya təqdim olunur və rəsmi saytımızda yerləşdirilir. İstəyənlər sayta daxil olaraq illik hesabatla tanış ola bilər”.

Qeyd edək ki, komanda hazırda Premyer Liqada keçirdiyi 22 oyundan sonra 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

İdman.Biz
Məqalədə: