““Qarabağ” artıq Premyer Liqaya fokuslanmalıdır”.
Bunu “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri sportal.az-a müsahibəsində deyib.
Şimali Makedoniya millisinin sabiq kapitanı Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib.
Həmin müsahibəni təqdim edirik.
- “Qarabağ”ın çıxışını daim izlədiyinizi bildiyim üçün soruşuram, bu gün sabiq komandanız “Nyukasl”la cavab görüşündə daha layiqli mübarizə və nəticə göstərə biləcək?
- ”Nyukasl”la ilk oyundan əvvəl də demişdim ki, bu oyun indiyə qədərki istənilən oyundan daha çətin olacaq. Oyunçular klubun nüfuzu üçün mübarizə aparmalı və oynamalıdırlar. Əminəm ki, “Qarabağ” bu gün gecə sona qədər oynayacaq, inamlı və mübariz şəkildə. İlk görüşə gəldikdə, “Qarabağ” Bakıda yalnız pis gününündə olduğunu sübut etməlidirlər.
- Bakıdakı görüşdə 1:6 hesablı məğlubiyyətə əsas səbəb nə idi? “Nyukasl” ilk dəqiqədən 45-ci dəqiqəyə qədər böyük təzyiqlə oynadı və hətta hesab daha da ağır duruma gələ bilərdi...
- Doğrudur, oyun çox çətin başladı və daha ağır alına bilərdi. Oyunu izləyirdim. “Nyukasl” üçün ilk dəqiqədən hər şey çox yaxşı başladı. Bilirsiz, onlar Premyer Liqa klubudur. Hansı ki, dünyanın ən yaxşı liqasından gəlirlər. Bunun da təsiri var. Hər halda, hər tur yüksək tempdə oynayırlar. ÇL-də də bunu tətbiq edirlər.
- “Çelsi” ilə Bakıdakı 2:2 hesabını nəzərə almasaq, “Qarabağ” bundan əvvəl Londonda “Çelsi”yə 0:6, bu mövsüm “Liverpul”a 0:6 və Bakıda “Nyukasl”a 1:6 uduzdu. Demək olar ki, “Qarabağ”ın ən çox çətinlik çəkdiyi ölkə təmsilçiləri məhz İngiltərə Premyer Liqasının klublarıdır?
- Bayaq bildirdim ki, İngiltərə Premyer dünyanın ən güclüsüdür. Adını çəkdiyiniz bütün komandalar da İngiltərəni təmsil edirlər. Hər biri çətin komandalardır. Onların oyun sürəti, tempi fərqlidir. İstənilən halda, hər bir futbolçu hər zaman sona qədər oynamalıdır. Məncə, bunu edəcəklər.
- “Qarabağ”ın ümumiyyətlə bu mövsümkü avrokuboklar performansını necə dəyərləndirərdiniz? Sizin üçün sürpriz oldu, yoxsa daha da irəliləmək mümkün idi?
- “Qarabağ” bu il çox yaxşı oynadı. Onların Çempionlar Liqasında bura qədər gəlməsi, nəticələri mənim üçün təəccüblü deyildi. Çünki onların bu yerlərə necə gəlib-çıxdığını bilirəm. Bəlli sistem var idi, klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular birlikdə bu uğurları əldə etdilər.
- “Qarabağ” artıq Avropada yəqin ki, çıxışına yekun vuracaq. Ondan növbəti görüşünü Premyer Liqada “Sabah”a qarşı oynayacaq. Çempionluq mübarizəsi bu iki klub arasında gedir. Adətən deyirlər ki, “Qarabağ” Avropadakı çıxışını yekunlaşdırdıqdan sonra yerli klublara həmişə çətin olur. Sizcə bu dəfə də belə olacaq?
- Əlbəttə, “Qarabağ” artıq Premyer Liqaya fokuslanmalıdır. Hər halda, çempion olub, yenidən Çempionlar Liqasında oynamaq üçün bunu etməlidirlər. Əminəm ki, “Qarabağ” bunun üçün də sona qədər mübarizə aparacağıq. “Qarabağ” bir neçə cəbhədə oynayır, fərqli turnirlərdə oynamaq həm yaxşıdır, həm də yorğunluq da olur. Ancaq inanıram ki, “Qarabağ” bütün çətinliyə rəğmən, liqada da istədiyi nəticəyə çatacaq.
