“Əslində bizim üçün problem olacaq. Çünki “Qarabağ”la matçımızı hansısa həftədə iki oyunun arasına salacaqlar və biz bir həftə ərzində üç görüş keçirəcəyik”.
Bunu “Neftçi”nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov sportnet.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Qarabağ”la oyununuz təxirə salındığından, iki həftəyədək Premyer Liqada fasiləniz olacaq. Bu, oyunçularınızda tempin aşağı düşməsinə səbəb olmayacaq?
- Əslində çox da yaxşı hal deyil. Həftələrdir yaxşı hazırlıqlı idik. Oyunlara turdan-tura hazırlaşırdıq. Belə hal oldu. Təxirəsalma tonusumuz üçün bir az çətin ola bilər. Amma belə bir hal yaranıb. Bir söz deyə bilmərik. Məcburuq ki, buna dözək, hazırlıq planımızı dəyişək və gələcək oyunu fikirləşək. Çünki indi oyunumuzun təxirə salındığını düşünməyə vaxt yoxdur.
- Səmimi fikrinizi bilmək istərdik: Təxirəsalma qərarını necə qarşıladınız?
- Əslində bizim üçün problem olacaq. Çünki “Qarabağ”la matçımızı hansısa həftədə iki oyunun arasına salacaqlar və biz bir həftə ərzində üç görüş keçirəcəyik.
- Elə hesab etmək olarmı ki, Azərbaycan Kubokunda mübarizəni dayandırdığınızdan, bunun əvəzinə çempionat matçı keçirirsiniz?
- Bəli, belə alınır.
- Başqa tələblər və fərqli futbol dedikdə, nələri nəzərdə tutursunuz?
- Biz az top saxlayır, daha aqressiv oynayırıq. Çalışırıq ki, daha çox hücum futbolu sərgiləyək. Topu az nəzarətdə saxlayırıq. Aqressiv, hücumameylli olmağa çalışırıq.
- UEFA Millətlər Liqasındakı rəqiblər barədə nə deyə bilərsiniz?
- Hələlik rəqiblərin oyunlarına baxmamışam, o komandalarla tanış deyiləm. Amma seçmə tsikl ərəfəsində baş məşqçi onları video-analiz edərək, bizə də göstərəcək. Əlbəttə, qalib gəlməli, bu qrupdan C Liqasına çıxmalıyıq.
