Futbol üzrə Azərbaycan millisinin Millətlər Liqasındakı (Qrup 2, Liqa D) rəqibləri müəyyənləşəndən dərhal sonra yerli azarkeşlər və mütəxəssislər komandanın şanslarını dəyərləndirməyə başlayıblar.
İdman.Biz 2003-2004-cü illərdə futbol yığmamıza rəhbərlik etmiş Əsgər Abdullayevdən qarşıdakı turnirlə bağlı gözləntiləri şərh etməyi xahiş edib.
“Bizə Litva və Lixtenşteynlə heç də asan olmayan qrup düşüb. Demək olmaz ki, biz bu rəqiblərdən bir baş üstünük. Bununla belə, ümumilikdə komandamıza, xüsusilə də Ayxan Abbasova inanıram. Əminəm ki, belə bir mütəxəssisin rəhbərliyi altında milli qrupda birinci yeri tutmağa və Liqa C-yə vəsiqə qazanmağa tam qadirdir", – deyə Əsgər Abdullayev bildirib.
Qeyd edək ki, ötən gün UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.
Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.
