AFFA tərəfindən Premyer Liqa və Birinci Liqa klublarının təhlükəsizlik üzrə məsul şəxsləri üçün seminar keçirilib - FOTO

13 Fevral 2026 13:04
90
AFFA tərəfindən Premyer Liqa və Birinci Liqa klublarının təhlükəsizlik üzrə məsul şəxsləri üçün seminar keçirilib - FOTO

AFFA-nın təşkilatçılığı ilə Misli Premyer Liqası və Birinci Liqa klublarının təhlükəsizlik və mühafizə üzrə məsul şəxsləri üçün seminar təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, seminar Futbol Klublarının Lisenziyalaşdırılması çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının - Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə əsas diqqət "İzdihamın idarə edilməsi və futbol stadionlarında təhlükəsizliyin təmin olunması" mövzularına yönəldilib.

Seminar çərçivəsində kütləvi tədbirlər zamanı risklərin qiymətləndirilməsi, azarkeş axınının düzgün tənzimlənməsi, fövqəladə hallara operativ reaksiya mexanizmləri, həmçinin stadion ərazisində ictimai asayişin qorunması ilə bağlı məlumatlar təqdim olunub. Hüquq-mühafizə orqanlarının, həmçinin AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri real təcrübəyə əsaslanan nümunələr üzərindən çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Seminarın sonunda iştiraka görə sertifikatlar təqdim edilib.

İdman.Biz