“Yayda ayrılan büdcə ilə komandamızı formalaşdırmışıq və kimsə bizdən ayrılsa idi, nəsə fikirləşə bilərdik”.
Bunu Azərbaycan milli komandasının və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Qış fasiləsini dəyərləndirməyinizi istərdik. İstədiyiniz kimi hazırlıq keçə bildiz?
- Futbolçular istirahətdən gəlir deyə, bir qədər çətin olur. Ancaq bu, hər komanda üçün xeyirlidir. Mövsüm ərzində ağır oyunlar keçir. Futbolçularda psixoloji yorğunluq olur. İki həftə sürən fasilədə futbolçular istər-istəməz fiziki formadan düşürlər. Təlim-məşq toplanışında bunu aradan qaldrımağa çalışırıq. Hər şey qaydasındadır. Xırda zədələrimiz oldu. beş-altı gün vaxtımız var.
- Fasilədə cəmi bir futbolçunu “rənglərinizə bağladız”. Qış “transfer pəncərəsi”nin sonuna qədər qədər düşərgəyə yeni futbolçu qoşulmaq ehtimalı var?
- Yayda ayrılan büdcə ilə komandamızı formalaşdırmışıq və kimsə bizdən ayrılsa idi, nəsə fikirləşə bilərdik. Sənan Muradlını “Sumqayıt” yenidən qaytarmaq istədi, biz də problem yaratmadıq. Sənan Muradlının yerinə gənc futbolçu Ramiz Muradovu icarəyə götürdük. O da əvəzedicilər liqasında yaxşı mövsüm keçirir. Ümumiyyətlə, belə gənc futbolçulara şans vermək istəyirik. Çünki Rüfət Abbasov da “Neftçi”də əvəzedici heyətdə çıxış edirdi.
- Fasilə dönəmində millinin baş məşqçisi kimi Antalyaya da yollandız. Türkiyə səfəri ilə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Çox istərdim ki, bütün komandaları izləyim. Çox vaxtım olmadı. Köməkçilərim də orda idi. “Qarabağ”ın iki oyununa baxa bildik. “Zirə”nin, “Sumqayıt”ın yoldaşlıq oyunlarında yerli futbolçuları iş başında görmək imkanımız oldu. Renat Dadaşovla görüşdük, fikir mübadiləsi apardıq. Səfər səmərəli keçdi. Futbolçuların hazırkı durumunu izləmək xoş oldu.
- Fasilədən sonra ilk oyununuz “Qəbələ”yə qarşıdır. Gözləntiləriniz necədir?
- Qışdan sonra bütün oyunlar çətin keçəcək. “Qəbələ” yaxşı komandadır. Hər matç finala bərabər olacaq. Bunu futbolçulara bildirmişik. Tək “Qəbələ” ilə yox, bütün oyunlarda xal qazanmaq istəyirik.
- Millinin martda keçiriləcək oyunlarında yeni simalar görə bilərik?
- Hələ çempionat başlamayıb. Beynimizdə yeni futbolçulara baxmaq var. Bu onların marta qədər necə oynayacaqlarından sonra bəlli olacaq. Bəlkə də gözləmədiyimiz futbolçu daha yaxşı formada olacaq. Hər kəsi izləyirik.
- Bu gün “Qarabağ” “Ayntraxt”la qarşılaşır. Bu oyundan gözləntiniz?
- “Qarabağ”a uğurlar arzu edirəm. Yoldaşlıq görüşlərindən sonra da gördük ki, futbolçular gümrahdır. İnanıram ki, “Ayntraxt”la oyunda yaxşı nəticə göstərib, pley-off şanslarını artıracaqlar.
