“Müdafiəçi kimi işimi yaxşı tərəfdən görməyə çalışıram. Alındıqda qol da vururam. Komanda yoldaşlarıma məsləhətim yox, arzum onların da fərqlənməsidir”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias bu gün keçirilən mətbuat konfransında deyib.
28 yaşlı müdafiəçi bildirib ki, komandasının hazırki durumu ilə razı deyil: “Turnir cədvəlində ilk pillədə qərarlaşan “Qarabağ”la xal fərqi böyükdür. “Neftçi” 3-cü pillədə olmağa layiq deyil. Amma hazırda belə vəziyyət yaranıb. Azarkeşlərin narazılığını normal qarşılayıram. Komanda yeni qurulub. Uyğunlaşma prosesi elə də asan deyil. Biz bunu dərk edirik. Bilirik ki, bundan da yaxşısını da bacararıq”.
Futbolçu adının “Qarabağ”la hallanmasına da aydınlıq gətirib: “Karyeram boyu hər hansı kluba getmişəmsə, 3-4 il orada olmuşam və bacardığımı etmişəm. “Neftçi”yə gələndə həm komanda yoldaşlarım, həm də azarkeşlər məni yaxşı qarşıladı. Ümid edirəm ki, “ağ-qaralar” üçün yaxşı işlər görəcəm”.
Qeyd edək ki, bu ilin yayında “Neftçi”yə transfer olunan Matias Azərbaycan çempionatında 14 oyuna çıxıb.
Emin Ağa
İdman.biz