Zaur Ramazanov: "Neftçi" də "Araz-Naxçıvan" kimidir” - MÜSAHİBƏ

Müsahibə
6 Dekabr 2023 09:41
767
Zaur Ramazanov: "Neftçi" də "Araz-Naxçıvan" kimidir” - MÜSAHİBƏ

Veteran futbolçu Zaur Ramazanovun İdman.biz saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının artıq XV turu geridə qalıb. Çempionatda hazırkı durumu necə dəyərləndirərdiz?

- Komandalar arasında güclü rəqabət hökm sürür. Elə bir vəziyyət yaranıb ki, bəzi klubların güc səviyyəsini bilmək üçün insan çətinlik çəkir. Buna baxmayaraq, çempionluq uğrunda irəli gedən klublar var ki, yalnız xal toplamağı hədəfləyiblər.

- “Qarabağ” hesabat turunda növbəti qələbəsini qazanmaqla ən yaxın izləyicisi “Zirə”ni 4 xal qabaqlayır. Demək olar ki, artıq onları dayandırmaq çətin olacaq?

- “Qarabağ” çempionatda stabil oyun nümayiş etdirən komandalardandır. Buna görə Ağdam klubunu saxlamaq çətin ola bilər. “Zirə” klubu isə yenə xal itirə bilər.

- “Araz-Naxçıvan” və “Səbail” mövsümə yaxşı başlamışdılar, qələbələri sıralayırdılar. Lakin son turlarda onlarda sanki eniş hiss olunur. Sizcə, yenidən liderlərə başağrısı ola biləcəklər?

- “Səbail”in heyətində oyunçu çatışmazlığı var. Bunu baş məşqçi Şahin Diniyevin özü də təsdiq edir. Bir neçə futbolçuları yoxdur. Ümumilikdə, komanda itki vermiş vəziyyətdədir. Fikrimcə, “Səbail” qışdan sonra özünə gələ bilər. Yəqin ki, zədəli oyunçular geri qayıdandan sonra hər şey düzələcək. “Araz-Naxçıvan”da stabil oyun nümayiş etdirmir. Bu gün qalib olsa da, sabah uduza bilər. Bunun başlıca səbəbi odur ki, yeni yaranmış komandadır və zaman keçdikcə bu kimi hallar düzələcək.

- Bəs “Neftçi”nin stabil oyunması üçün nə çatışmır və dönüş nöqtəsi üçün nə etməlidir?

- "Neftçi" də "Araz-Naxçıvan" kimidir. "Ağ-qaralar"da məşqçi dəyişikliyi tez-tez baş verir. Hər yeni gələn məşqçidə öz ideyasını irəli sürərək, komandanı formalaşdırır. Adrian Mutu ilə davam etsələr, özlərinə gəlməyə zaman lazımdır. "Neftçi"nin stabil oyun nümayiş etdirə bilməməsinin əsas səbəbi baş məşqçi, oyunçuların tez-tez dəyişməsi, yeni futbolçuların adaptasiyası və s. kimi amillərdir.

- XV turdan sonra avrokuboklara gedəcək komandaların adını artıq çəkmək olar, yoxsa tezdir?

- Məncə, hələ tezdir. Ancaq yalnız bir komandanı çempion kimi görürəm. Bu, “Qarabağ”dır. İkinci və üçüncü yerin sahibi barədə nəsə deyə bilmərəm.

Banuçiçək Hüseynli
İdman.biz