Nazim Babayev: “Birbaşa lisenziya barədə düşünürəm"

Müsahibə
29 Yanvar 2024 15:48
484
Nazim Babayev: “Birbaşa lisenziya barədə düşünürəm"

“Azərbaycan çempionatının mənim üçün əla keçdiyini deməzdim. İstədiyim nəticəni tam olaraq əldə edə bilməsəm də, normal nəticə göstərdim”.

Bunu İdman.bizə atletika üzrə 40-cı Azərbaycan qış çempionatının qalibi Nazim Babayev deyib.

Uzunluğa tullanmada 7,7 m göstərici ilə ölkə çempionu olan idmançı bu nəticəni sonuncu cəhdində bacardığını bildirib: “İlk 4-5 cəhdimdə əldə etdiyim nəticələr qeydə alınmadı. Son nəticə ilə birinci pillədə qərarlaşdım. Buna görə də dünya çempionatında Azərbaycanı təmsil edəcəm. Bu mənim uzunluğa tullanmaq üzrə ilk dünya çempionatım olacaq. Uğurlu çıxış edərək, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq istəyirəm. Bunun üçün də əlimdən gələn hər şeyi edəcəm”.

Avropa çempionu öncə fevralın 13-də Serbiyanın paytaxtı Belqradda gümüş Qran-Pridə iştirak edəcəyini də vurğulayıb: “Dünya çempionatına az qalmış bir müddətdə bu yarışda da öz sözümü demək istəyirəm. Hazırlığım və göstəricilərim bu turnirdə yaxşı iştirak etməyimə imkan verir. Qarşıdakı bir ay ərzində də çatışmayan nə varsa onların üzərində işləyəcəm. Olimpiadaya vəsiqə qazanmaq asan məsələ deyil, son lisenziya normativləri xeyli yüksəlib. Amma özümə güvənirəm. Birbaşa lisenziya barədə düşünürəm, heç dünya reytinqinə düşmədən lisenziya qazanmağı fikirləşirəm. Gec-tez bu əldə olunacaq”.

Qeyd edək ki, qış dünya çempionatı martın 1-3-də Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: