Bu il Azərbaycan təmsilçisi - çəkicatma üzrə atlet Anna Skidan üçün əsas start Birminqemdə keçiriləcək Avropa çempionatı olacaq. Bu yarış idmançının analıq məzuniyyətindən sonra böyük idmana tam qayıdışını simvolizə edəcək.
İdman.Biz-ə açıqlamasında A.Skidan bildirib ki, məşqlərə gec qayıtmasına onun yaşayıb məşq etdiyi Ukraynadakı hava şəraiti də təsir göstərib.
"Bu il bizdə qış çox soyuq keçdi. Buna görə də mən fevralın sonunda atma sektoruna çıxdım, artıq iki həftədir hazırlaşıram. Hazırda həyat yoldaşım və qızımla məşq edirəm - onlar mənim üçün ən yaxşı dəstək qrupudur və bu, mənim üçün tamamilə yeni təcrübədir. Qızım tez böyüyür və onun uğurlarını izləmək çox maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda məşqçi məsələsi də həll olunacaq", - deyə Skidan bildirib.
Çəkicatma üzrə idmançı vurğulayıb ki, mövsümün əsas startı avqustun 10-16-da Birminqemdə keçiriləcək Avropa çempionatı olacaq.
"Mənim üçün bu, ilin əsas yarışıdır və onun başlanmasına beş ay qalır. Hazırda fiziki hazırlıq və bərpa üzərində işləyirəm. Artıq ştanqada çəkiləri artırmağa başlamışam və bu məni xüsusilə sevindirir. Çünki belə uzun fasilədən sonra əzələ yaddaşının “hərəkəti” xatırlaması məni çox sevindirir. Bədəni ciddi yüklərə hazırlayıram", - deyə atlet etiraf edib.
Skidan qitə çempionatına hazırlıq çərçivəsində yaxın turnir planlarından da danışıb.
"İyunda yarışlara başlamağı planlaşdırıram. Hələlik planlarda Ukrayna Kuboku var – beynəlxalq statuslu kommersiya turniri. Amma hazırkı forma və irəliləyişə baxacağıq. Əsas odur ki, özümü yaxşı hiss edirəm, bahar həm istiliyi, həm də açıq havaya çıxıb rahat işləmək imkanı ilə sevindirir", – deyə idmançı bildirib.
Skidan həmçinin çəkicatma məşqlərinin spesifik xüsusiyyətlərindən danışıb.
"Bizim növümüz mürəkkəb koordinasiyalı idman növüdür, yəni texniki və güc komponentlərindən ibarətdir. İlin istənilən vaxtında və istənilən hava şəraitində açıq havada çox texniki iş görülür. Bura uzun fırlanmalar, qısa və ağır çəkiclə iş, tros üzərində tutacaqlı disk formasında uyğunlaşdırılmış alətlər, eləcə də gücü artırmaq üçün ştanqa ilə edilən güc hərəkətləri – məsələn, oturuşlar və deadlift(yerindən qaldırma) daxildir", – deyə o vurğulayıb.
Qeyd edək ki, idmançı Azərbaycan rekordunun müəllifidir. Üç il əvvəl Budapeştdə keçirilən dünya çempionatında o, aləti 77,10 metr məsafəyə ataraq milli rekordu yeniləyib.
