“Peşəkar idmançı pul qazanmaq üçün çıxış etməlidir” - Maxtı Makkayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Xəbərlər
15 Noyabr 2025 13:15
68
“Peşəkar idmançı pul qazanmaq üçün çıxış etməlidir” - Maxtı Makkayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

VI İslam Həmrəyliyi Oyunları davam etsə də, bəzi idman növlərində yarışlar artıq yekunlaşıb və nəticələrə qiymət vermək mümkündür. Bu növlərdən biri də atletikadır.

İdman.Biz oxuculara kişi atletika yığmamızın baş məşqçisi Maxtı Makkayevlə olduqca səmimi müsahibəni təqdim edir.

– Bu İslamiadada sizin rəhbərliyiniz altında çıxış edən beş atlet beş gümüş və üç bürünc medal qazandı. Bu nəticə gözlədiyiniz kimi oldu?

– Bəli, medalları məhz onlardan gözləyirdik. Hətta Ravin Alməmmədovdan qızıl da gözləyirdik. Lakin o, yekunda ikinci oldu və iki medal - gümüş və bürünc qazandı.

– Bəs Dadaş Dadaşbəyli barədə nə deyə bilərsiniz?

– Dadaş əsl idman xarakteri göstərdi! O, zədələrdən sonra çıxış edirdi, ayaqlarında və belində ağrılar var idi. Tam hazır deyildi və belə desək, “mənəvi-iradi güc”lə yarışdı. Onun qazandığı iki gümüş medal mənə görə “qızıl” dəyərindədir. İsa Rüstəmov da yaxşı çıxış etdi - iki “bürünc” və bir “gümüş” qazandı.

– Komandanın nəticəsini 10 ballıq şkala ilə neçə qiymətləndirərdiniz?

– Hətta “qızıl” olmasaydı belə, nəticə pis deyil. Müasir, dopinqlə mübarizə dövründə Azərbaycan atletikasının belə nəticəsi olmayıb.

– Bəs sizi narazı salan nə oldu?

– Daha çox sistem. Atletlərə verilən mükafatların bölgüsü düzgün deyil. Yalnız İslam Oyunlarında birdənqaldırma və təkanla qaldırma üzrə medallara görə mükafat verilir. İstərdim ki, dünya və Avropa çempionatlarında da bu sistem tətbiq olunsun - necə ki, qonşu Gürcüstan və Türkiyədə edilir. Üzgüçülükdə, gimnastikada müxtəlif proqramlara görə mükafat var, amma atletikada yalnız ikinövçülük üzrə verilir. Halbuki bizim idmançılar əsasən aztəminatlı ailələrdən olan gənclərdir. Peşəkar idmançı pul qazanmalıdır, ailəsini dolandırmalıdır.

– Sizcə, idmançı yalnız pul üçün çıxış etməlidir?

– Peşəkar üçün bəli. Çünki bu onun işidir. İşə görə isə pul verilməlidir. Digər sahələrdə də belədir. İdmançı da həyatını bu işə həsr edib, başqa peşəsi yoxdur. İnsan niyə peşəkar idmanla məşğul olur?

Birincisi, uğur qazanmaq və tanınmaq üçün. İkincisi, öz xalqını tanıtmaq üçün. Üçüncüsü, ölkəsinin adını yüksəltmək üçün. Dördüncüsü isə - ailəsinə və özünə pul qazanmaq üçün.

Mən özüm də ilk növbədə işimə görə pul qazanıram. Çünki xalqımı və ölkəmi kifayət qədər tanıtmışam - yetişdirdiyim idmançılarla. Bu gün əsas məqsədim Azərbaycan üçün layiqli nəsil formalaşdırmaq, federasiya və ölkəyə uğur gətirəcək sistemi qurmaqdır.

– Gələcək nəsil demişkən, sizcə, Azərbaycanın hansı bölgələrində atletikanın inkişafı üçün perspektiv var?

– Bölgələr kifayət qədər uğurlu idmançılarımız var. Məsələn, Qazaxda Rəyad, Goranboyda Şəmsi kimi yaxşı məşqçilər var. Federasiyanın rəhbərliyi də bu istiqamətdə doğru iş aparır - yalnız bu günün nəticəsini yox, atletikanın sabahını düşünür.

Vüqar Vüqarlı

İdman.Biz